Bəlkə o, “Qəbələ”ni daha yaxşı idarə edə biləcək birinə təhvil versin?

08:40 Qəbələ 127
Bəlkə o, “Qəbələ”ni daha yaxşı idarə edə biləcək birinə təhvil versin?

“Qəbələ” son 2 turda əvvəlki 6 oyundakından daha çox top buraxıb. Komanda Jeton Bekirinin gəlişinədək 7 dəfə məyus olmuşdusa, yeni baş məşqçi ilə ardıcıl darmadağınlar yaşayır.

“Sabah”a dünənki 0:4 hesablı məğlubiyyət hardasa başadüşüləndir, amma ötən həftə “Sumqayıt” da bölgə təmsilçisinə elə bu qədər qol vurmuşdu. Uğursuz gedişata “Qəbələ” üzərində qələbə ilə son qoyan “kimyaçılar” şimali makedoniyalı mütəxəssisin sftəsini korlamışdısa, Valdas Dambrauskas əvəzedici heyətlə səfərdən xoşbəxt qayıtdı.

“Qəbələ” Kəmaləddin Heydərov və oğlu Tale bəy klubla ciddi şəkildə maraqlanmadığı gündən bu vəziyyətdədir. 8 oyuna hamıdan az – cəmi 3 qol vuran “qırmızı-qaralar” növbəti fiaskoya doğru gedir. Fariz Nəcəfov prezident olduğu gündən bəri turnir cədvəlinin aşağılarında sürünüən, I Liqaya yollanan, keçən mövsüm eyni aqibətdən pley-off görüşündə qurtulan “Qəbələ” yenə eyni durumdadır.

Bunu maliyyənin azalması ilə əlaqələndirənlər yanılır. Premyer Liqada daha az büdcəli komandalar var. “Qəbələ” ən yaxşı infrastruktura malikdir, bazanı, çoxsaylı stadionları icarəyə verib yaxşı pul qazanır, mövcud büdcəsini zənginləşdirir. Halbuki digər komandalar stadionları icarəyə götürür, otellərə haqq ödəyir. Yəni məsələ büdcədə deyil, “Qəbələ” ən azı elita iştirakçılarının yarısından daha imkanlıdır.

Ötən ilədək qəbələlilərin bəhanəsi var idi. Onlar büdcənin böyük hissəsinin akademiyaya getdiyini bəhanə edirdilər. Akademiyanı da demək olar bağlayıblar, qənaət edilən vəsait legioner transferlərinə yönəldilib. Heç nə dəyişməyib, heydərovların vaxtında həm nəticə qazanan, həm də Azərbaycan futbolunun gələcəyinə xidmət edən klub Nəcəfovun vaxtında puldağıtma makinasına çevrilib. Milyonlar xərclənir, nəticələr gündən-günə pisləşir.

Bekirinin haradan peyda olduğunu, kimin beyninin məhsulu kimi Azərbaycana gəldiyini bilmirik. Fakt odur ki, Kaxaber Sxadadzenn vaxtında rəzil durumda olan komanda indi daha da geriləyib. 1:4 və 0:4 – deməli, problem yalnız məşqçidə deyl, idarəetmədə də ciddi nöqsanlar var. “Qəbələ” Asif Məmmədovun idarə etdiyi məhəllə komandasına çevrilib.

Futbolçular dəyişir, məşqçilər dəyişir, nəticələr dəyişmir. Bəlkə Nəcəfov klubu daha yaxşı idarə edə biləcək birinə təhvil versin? Heydərovun ona açdığı sonsuz imkanlardan bu qədər sui-istifadə günah deyilmi? Bariz uğursuzluğun günahkarını kənarda axtarmağa nə gərək var? (futbolinfo)

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 20:00 Çək və bizə göndər!
18 Oktyabr 18:10 "Sportinfo TV”də GÜNDƏM