Olmaya, söyüşə öyrəşmiş bu futbolçular onu da bəyənmir?

09:40 Qəbələ 117
Olmaya, söyüşə öyrəşmiş bu futbolçular onu da bəyənmir?

«Qəbələ» yeni baş məşqçisi ilə çıxdığı üçüncü matçda ilk qələbəylə tanış oldu.

Şamaxı səfəri Yeton Bekirinin üzünü, nəhayət ki, güldürdü.

Çempionatda qalmaq uğrunda əsas rəqiblərindən «Araz-Naxçıvan»a iki qolla qalib gəldilər.

Bekirinin komandası «Sumqayıt» və «Sabah»la oyundan sonra dəyişbmi? Rəy verməyə tələsməyin! «Qəbələ» oyun olaraq olduğu yerdədir, yerindən tərpənməyib.

Şimali makedoniyalı baş məşqçi sevinməlidir ki, üçüncü sınağını «Araz»a qarşı verdi. Başqa bir rəqib olsaydı, «Qəbələ» növbəti məğlubiyyətini alacaqdı.

Hesab bizi çaşdırmasın. «Qəbələ»də yaxşılığa doğru heç bir hadisə baş verməyib.

Bekiri bir neçə həftədir buradadır, böyük ölçüdə nəyisə dəyişdirməyib. Yeni baş məşqçinin gəlişi özünü heç nədə göstərmir.

Kaxaber Sxadadzenin son dönəmində belə, bundan yaxşı təsir bağışlayırdılar. Hələlik çəkinmədən söyləmək mümkündür - «Qəbələ» yağışdan çıxıb, yağmura yaxalanıb.

Meydanın hər nöqtəsində problem yaşayırlar. Demək olmaz ki, müdafiə normal duruma gəlib, hücumda sıxıntılar mövcuddur. Yaxud da əksinə. Hər gün bir addım da geri gedirlər,

Bekirinin təyinatıyla psixoloji cəhətdən yüksəlişə keçəcəkləri, ruh yüksəkliyinin yaranacağı gözlənilirdi, təəssüf, bundan da danışmağa dəyməz. Yenə heç nə yoxdur.

Kaxanın hər məşqdə və oyunda işlətdiyi təhqiramiz ifadələrdən bezdiyini iddia edən futbolçu kəsiminin makedonun gəlişindən sevincək olmamasının özü də bir qəribəlikdir.

Olmaya, onu da bəyənmirlər?

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti