Bir kapitan ki "Qəbələ"yə hörmət qoymur… Niyə cəzasız qalmalıdır?

18 Oktyabr 2021 13:00 Qəbələ 1 423
Bir kapitan ki "Qəbələ"yə hörmət qoymur… Niyə cəzasız qalmalıdır?

«Qəbələ» yeni mövsümə əla başlayıb. İlk dövrədən sonra liderlər qrupunda yer alıblar,

12 xalları var. Bu cür davam etsələr, mövsümün ən böyük sensasiyasına imza atacaqlar. Avrokuboklara getməklə.

Yayda çempionatın aşkar autsayderi olaraq göstərilən «Qəbələ»nin belə inamlı çıxışı bizləri sevindirməyə bilməz.

Necə də olmasa, bu komanda Premyer Liqada çıxış edən yeganə əyalət təmsilçisidir və yaxın keçmişdə qitə arenasına səs salmağı bacarıb. İki dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla.

İlk baxışdan hər şey əladır. Gül gülü çağırır, bülbül bülbülü. Amma və lakin… Asif Məmmədovun «Zirə» ilə matçın gedişində etdiyi hərəkəti görənədək.

74-cü dəqiqədə Ehtiram Şahverdiyevlə əvəzlənməsinə etiraz edən yarımmıdafiəçi qolundan kapitan sarğısını çıxarır və… Təsəvvürə gətirmək çətindir, amma bunu da gördük: bazubəndi nümayişkaranə surətdə yerə çırpır.

Bu, Asifin yalnız baş məşqçiyə və komanda yoldaşlarına hörmətsizliyi kimi qəbul olunmamalıdıır. Bu, eyni zamanda, onun kluba və klubun rəhbərliyində təmsil olunan şəxslərə göstərdiyi «ehtiram»dır.

O hərəkəti bir başqası etsəydi, bu qədər ajiotajla qarşılanmaz, diqqət çəkməzdi.

Sən komandanı arxanca aparmağa borclusan, onlara örnək göstərilməlisən, bu nə əda, bu nə hikkə, bu nə əsəb göstərməsidir belə?

Hirslənmisən, başa düşdük. Get, bir stəkan su iç və sakitləş. Qolunda kapitanlıq sarğısı daşıyırsan, budur, sənə verilən dəyərin qarşılığı?

«Qəbələ»nin prezidenti Fariz Nəcəfov oyunu stadiondan izləyirdi. Yəqin ki, epizodu o da gözdən qaçırmayıb.

Və şübhə etmirəm ki, Asif Məmmədovu cəzasız buraxmayacaq. Bunun belə də olması lazımdır.

Day nə oldu, kapitan sarğını yerə çırpandan sonra digər futbolçulardan nə gözləyəsən? Bu gün o etdi bu hərəkəti, sabah bir başqası edəcək.

Elmar Baxşıyev oyun planında tərifəlayiq iş görüb. «Qəbələ»ni izləyən təəssüflənməz, 90 dəqiqəni boşa verdiyini deməz.

Mövcud qısırlı imkanlar daxilində aparılan seleksiya işi alqışlanmalıdır. Amma sıra nizam-intizama gələndə, demək borcumuzdur ki, Baxşıyev baş məşqçi olaraq bu problemi aradan qaldırmağa həmişə gec qalır.

Ötən mövsüm də bunun «nümunələr»ini görürdük, indi də görürük. Kapitanın timsalında belə bir xoşagəlməz hadisənin yaşanması, ümumiyyətlə, dəhşət saçır.

Cavab vermək növbəsi indi «Qəbələ» başbilənlərindədir. Onlar ictimaiyyətə göstərməlidirlər ki, heç bir futbolçu klubun dəyərlərindən üstün deyil. Gözləyirik…

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!