Mövsümə əla başlayıb «Neftçi».
Altı tura beş qələbə gözəl nəticədir.
Səhv eləmirəmsə, «Neftçi» son 5-10 ildə çempionata belə sürətli start verməyib. Qalibiyyət göstəricisi mənasında Yuri Vernidubun işinə söz yoxdur, ola da bilməz.
Komanda turnir cədvəlində birinci yerdə gedirsə, ukraynalı baş məşqçi rəhbərlik tərəfindən tam dəstək almalıdır. Necə ki, indiyədək alıb.
Vernidubun Emin Mahmudovla bağlı mövqeyi də diqqətdən kənarda qala bilməz və qalmamalıdır da. İlk gəldiyi vaxtlardan fərqli olaraq, o, kapitanı əvvəldən-axıradək meydanda saxlamır, əvəzləyir: gah fasilədə, gah da fasilədən sonra.
Bu, o anlama gəlir ki, Vernidubun yarımmüdafiəçidən ötrü daha gözü atmır?
Əsla belə düşünməyək.
Nəzər almalı və qəbul etməliyik ki, yaş sözünü deyir, Mahmudov 90 dəqiqə ərzində meydanda faydalı iş əmsalı göstərmir.
Sürəti, onsuz da, zəif idi, indi lap yavaşıyıb. Qolların təşkilində və vurulmasında birbaşa iştirak faizi aşağı düşüb.
Ümumiyyətlə, ön istiqamətli düz paslarının sayı azalıb. Verniduba isə orta sahədə dinamik, topu üçüncü zonaya vaxtnda, tez çatdırmağı bacaran başqa Emin lazımdır.
Hər şeyi deyiriksə, gərək bunu da deyək.
«Neftçi»ni lider edən başlıca amillərdən biri rəqiblərindən çox üstün oynamadığı halda, məhsuldarlığı artıra bilməsidir, Bu, yetərincə önəmli faktordur.
Altı tura 18 qol super rəqəmdir. Əgər ötən mövsüm bəxt bir çox oyunlarda «Neftçi»dən üz döndərirdisə, artıq bu çatışmazlıq da aradan qalxıb.
KAMİL
