"Neftçi"nin hücumçusu Bassala Sambu ilə "Turan Tovuz" arasında danışıqlar geridə qalıb.
Tərəflər arasında anlaşma baş tutmayıb.
Səbəb ingiltərəli hücumçunun maddi tələbləridir. Britaniyalı onun xidmətində maraqlı olan qərb klubundan kifayət qədər yüksək məbləğ istəyib.
Aylıq 20 min dollar maaş şərti irəli sürən Sambu minimum 2 illik kontrakt bağlamaq məqsədi güdüb.
Tovuz təmsilçisi müqavilənin müddəti mövzusunda razılaşsa da, əməkhaqqının yuxarı həddini 13 min dollar olaraq müəyyənləşdirib. O isə dediyi rəqəmdən 1 dollar da aşağı düşməyərək, söhbəti dalana dirəyib.
Bura 2025-ci ilin fevralında gəlmiş Sambunun son klubu Cənubi Kiprin "Paralimni"si olub.
Karyerasına İngiltərədə başlayan Sambu “Koventri”nin yetirməsidir. O, 2017 və 2019-cu illərdə “Everton”la 23 yaşadək futbolçular arasında keçirilən İngiltərə premyer-liqasının çempionu olub.
Ölkə xaricində 2021-ci ildə icarə əsasında oynadığı “Randers”lə Danimarka kubokunu qazanıb.
Afrika kökənli qolçu ötən mövsümün yekunlarına əsasən, "Neftçi"nin ən məhsuldar iki simasından biridir. Onunla yanaşı, Emin Mahmudov da liqada 11 dəfə fərqlənib.
SPORTİNFO.AZ
