“Mənə bu kollektivdə xərçəng şişi kimi yayılan problem lazım deyil”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Mingəçevir“in baş məşqçisi Elman Sultanov deyib. İyulda I Liqa təmsilçisinin sükanı arxasına keçən mütəxəssis yeni iş yerindəki mövcud durumdan danışıb.
O, spirtli içki içərək adı xoşagəlməz olayda hallanan Əli Mürsəlovla bağlı bunları deyib:
“Açıq deyirəm, mənə normal, nəyəsə nail olmağa çalışan uşaqlar lazımdır. Hansısa futbolçu istirahət günündə haradasa olubsa və ya nəsə edibsə, bağışlayın, mən buna görə cavabdeh ola bilmərəm.
Futbolçuları evə buraxanda və onların başına nəsə gələndə… Nə qədər belə hallar olub - kimsə qəzaya düşüb, kimsə kimisə vurub, kiminsə başına başqa bir hadisə gəlib.
Hamımız insanıq, bu kimi hallar qaçılmazdır. Əgər kiminsə başına nəsə gəlibsə, açığı, bundan xəbərsizəm. İndi zəng edib öyrənirəm.
Əgər hansısa hadisə baş veribsə, bu, məşq prosesi zamanı olmayıb. Çünki məşqlərdə bütün futbolçular, bir nəfər belə istisna olmadan, meydanda olurlar və mənim verdiyim işi artıqlaması ilə yerinə yetirirlər.
Hər bir yetkin insan işdə olmadığı vaxt öz hərəkətlərinə görə özü cavabdehdir. İşdə olmadığı zaman məşqçi və futbol klubu onun əvəzinə cavabdeh deyil“.
