Biri postunu qorumaq, o biri özünü göstərmək həvəsindədir – Bölgədə “qırğın”

16:05 Gündəm 127
Biri postunu qorumaq, o biri özünü göstərmək həvəsindədir – Bölgədə “qırğın”

Premyer Liqanın 6-cı turunun prinsipial oyunlarından biri Şamaxıda baş tutacaq.

Mövsümə istədiyi kimi start verməyən “Araz-Naxçıvan” bölgədə “Şamaxı”nın qonağı olacaq. Əslində, qonaq olacaq da demək olmur. Çünki Naxçıvan təmsilçisi də rəqiblərini Şamaxıdakı stadionda qonaq edir.

Oyuna rəng qatan başlıca məqam hazırkı komandaların baş məşqçilərinin keçmiş komandalarına qarşı dayanmasıdır.

3 il əvvəl “Şamaxı” elitadan I Liqaya yuvarlananda baş məşqçi Cavid Hüseynov idi. 2023/24 mövsümündə isə Azər Bağırov Premyer Liqada ilk baş məşqçiliyi “Araz-Naxçıvan”ın “sükanı” arxasında etmiş, sezon başa çatmamış istefaya göndərilmişdi.

Bu o deməkdir ki, hər iki çalışdırıcı nəyə qadir olduğunu keçmiş rəhbərlərinə göstərmək niyyətindədir. Xüsusən Bağırovun “Araz-Naxçıvan”ın qeyri-rəsmi rəhbəri Zaur Axundova deyəcək sözü var.

5 turdan sonra aktivində 6 xal olan şamaxılılar 7-ci pillədə qərarlaşıb. “Qırmızı-ağlar”ın durumu ağırdır – 5 oyunda 2 heç-heçə və 11-ci pillə.

Bu matçdakı mümkün məğlubiyyət Azər Bağırovun klubdakı gələcək taleyinə ciddi mənada təsir etməyəcək. Onsuz da rəqib onun komandasını hər cəhətdə üstələyir – istər büdcədə olsun, istərsə də futbolçu keyfiyyətində.

Yox, “Araz-Naxçıvan” uduzsa, bu, Hüseynovun buradakı taleyinə ciddi mənada təsir edəcək. Yəqin ki, rəhbərdən “get” mesajını gözləmədən özü istefa verəcək.

Xərclənən milyonların qarşılığında çempionata 6 oyunda 2 xalla başlamaq Axundovu heç bir halda razı salmayacaq. Odur ki, baş məşqçi mümkün təhlükəni göz önünə alıb xoşluqla getməyi qərara alacaq.

“Şamaxı”nı elitadan salan, “Səbail”lə eyni aqibəti yaşayan 38 yaşlı çalışdırıcının analoji halla “Araz-Naxçıvan”da üzləşməsi həyatın ironiyası sayılacaq.

Sentyabrın 20-də Şamaxı şəhər stadionunda gerçəkləşəcək duel saat 16:30-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti