Türkiyənin I Liqasında 8-ci turun dörd oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, Toral Bayramovun şərəfini qoruduğu “Bursaspor” səfərdə “Batman Petrolspor”un qonağı olub.
Bu oyunda maraqlı hadisələr baş verib. Belə ki, “yaşıl timsahlar” 29-cu dəqiqədə qapısında qol görüb.
“Bursaspor”un baş məşqçisi Mustafa Ər 36-cı dəqiqədə iki futbolçunu əvəzləyib ki, bunlardan biri də Bayramov olub. Səbəbstz yerə deyil.
O əvvəlcə sol cinahda mübarizə zamanı rəqibin yarımmüdafiəçisi Mikael Birona ilə bacarmayıb, nəticədə meydan sahibləri künc zərbəsi qazanıb. Künc zərbəsi zamanı isə Toral hava mübarizəsində venesuelalı Serxio Kordovaya uduzub.
İkinci hissədə oyunun axarı kəskin dəyişib. 60-cı və 85-ci dəqiqələrdə iki qol vuran İheanaço “Bursaspor”a qələbə qazandırıb.
Adı çəkilən komanda bu matçdan sonra 19 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb. Bir oyun az keçirən “Kayserispor” ikinci pillədədir və 16 xalı var.
