“Qarabağ”ın Portuqaliya millisinin heyətində 2016-cı il Avropa çempionu olmuş Renatu Sançeşi transfer etmək istədiyi barədə iddialar yayılıb.
Sosial şəbəkələrdə tirajlanan xəbərlərə görə, hazırda klubsuz olan 29 yaşlı yarımmüdafiəçi karyerasını bərpa etmək üçün maaşının əhəmiyyətli dərəcədə azaldılmasına razıdır.
Bildirilir ki, Ağdam klubu ona illik 450 000 avro (857 385 manat) maaş təklif edib. Məlumata görə, Sançes də “Qarabağ” variantına müsbət yanaşır.
Saytımız bu informasiyanı araşdırıb. Öyrəndiyimizə görə, portuqaliyalı menecerlər vasitəsilə “köhlən atlar“a təklif edilib.
Fəqət, Premyer Liqanın vitse-çempionu bu keçidə maraq göstərməyib. Səbəbkarın yaşının çoxluğu və xroniki zədələrdən əziyyət çəkməsi bu qərara təsir göstərib.
Renatu Sançeş 2016-cı ildə Avropanın ən yaxşı gənc futbolçusu seçilərək, “Golden Boy” mükafatını qazanıb.
O, karyerası ərzində Portuqaliyanın “Benfika”, Almaniyanın “Bavariya”, Fransanın “Lill” və PSJ, eləcə də icarə əsasında Uelsin “Suonsi”, İtaliyanın “Roma” və Yunanıstanın “Panatinaikos” komandalarının formasını geyinib.
Tez-tez zədələnməsi onun karyerasının sabit və istənilən səviyyədə davam etməsinə mane olub, odur ki, hazırda azad agent statusu daşıyır.
SPORTİNFO.AZ
