Uşaq, yeniyetmə və gənclər futboluna yanaşmanın dəyişməsi, həyata keçirilən işlərin ictimaiyyətə tam aydın şəkildə çatdırılması əsas hədəflərdəndir.
Sportinfo.az xəbər verir ki, bunu AFFA-nın Futbol İnkişaf Departamentinin rəhbəri Sərxan Hüseynov aşağı yaş qrupları ilə əlaqədar yeni match.affa.az saytının və @AFFA.istedadlar sosial media layihəsi haqda deyib.
S.Hüseynov son dövrlərdə bu istiqamətlər üzrə intensiv işlərin görüldüyünü diqqətə çatdırıb:
"Akademiyalara mütəmadi səfərlər etmək, ehtiyacları yerində öyrənmək və uşaq-gənc futbolu ilə bağlı qərarlarda akademiyaların rəhbərləri ilə məşqçilərin rəylərini dinləmək görülən işlərin nüvəsini təşkil edir".
O, təqdim olunan yeni layihələrin AFFA-nın daxili resursları, mütəxəssislərin bacarıq və təşəbbüsləri hesabına ərsəyə gəldiyini vurğulayıb:
"Bu işlərdə heç bir xarici şirkətin xidmətindən istifadə olunmayıb. Təşəbbüslərin ən mənalı tərəfi akademiyalarla federasiyanın birgə işləməsini təmin etməkdir.
Akademiya rəhbərləri komfort zonadan çıxaraq layihələrin ərsəyə gəlməsinə dəstək veriblər. Birlikdə fəaliyyət göstərərək Azərbaycan futbolu üçün daha böyük uğurlar qazanmaq mümkündür".
