“Qarabağ” tələsmir, düzgün və daha təsirli qərarlar verir

16:00 Qarabağ 166
“Qarabağ” tələsmir, düzgün və daha təsirli qərarlar verir

Azərbaycan futbolunun ən titullu klublarından olan “Qarabağ” tarixində daha bir əlamətdar səhifə yazdı.

Ağdam təmsilçisi çempionatlar tarixində 1000-ci oyununa Yevlaxda çıxdı və “İmişli”ni 2:0 hesabı ilə məğlub edərək yubiley qarşılaşmasını qələbə ilə başa vurdu.

Misli Premyer Liqasının VII turu çərçivəsində keçirilən görüşdə ilk hissə qolsuz başa çatdı. “İmişli” kompakt müdafiə ilə rəqibinin hücum imkanlarını məhdudlaşdırmağa çalışır, “Qarabağ” isə müdafiədəki boşluqları tapmaq üçün səbirli oynayırdı.

Qurban Qurbanovun komandası fasilədən sonra təzyiqini artırdı və 59-cu dəqiqədə hesabı açdı. Aleksey Kaşuk dəqiq zərbə ilə yoldaşlarını önə keçirdi.

“İmişli”nin müqaviməti son dəqiqələrədək davam etsə də, 88-ci dəqiqədə Jali Muaddib yekun hesabı müəyyənləşdirdi. Maraqlıdır ki, Muaddibin qolu “Qarabağ”ın Premyer Liqadakı 1100-cü qolu kimi də tarixə düşdü.

81-ci dəqiqədə “Qarabağ”ın yeni transferi Zəkəriyyə Savo debüt oyununda fərqlənsə də, VAR müdaxiləsindən sonra qol ofsayd səbəbindən ləğv edildi.

“Qarabağ”ın əsas üstünlüyü tələsmədən hücum qurmaq və rəqib müdafiəsinin müqavimətini mərhələli şəkildə qırmaq bacarığı idi.

“İmişli” ilk hissədə müdafiə intizamını qorumağa çalışdı və rəqibin hücumlarını uzun müddət nəticəsiz saxladı.

Belə oyunlarda favorit komanda üçün əsas sınaq təkcə topa sahib olmaq deyil, rəqibin müdafiə blokunu hərəkətə gətirmək, boş zonalar yaratmaq və son ötürmələrdə düzgün qərarlar verməkdir.

“Qarabağ” ikinci hissədə məhz bu istiqamətdə daha təsirli oldu.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO