Bakı ardıcıl ikinci ildir Çempionlar Liqasına ev sahibliyi edir.
Keçən il «Qarabağ», bu il də «Sabah» Avropanın ən nüfuzlu turnirini paytaxtımızı gətirdi.
Bildiyimə görə, «Slaviya» ilə oyunu izləmək məqsədilə ölkəmizə kənardan onlarla azarkeş gəlib. Rusiyadan, Türkiyədən, Özbəkistandan və başqa-başqa yerlərdən.
Ona təəssüflənirəm ki, ÇL kimi tayı-bərabəri olmayan yarışa Bakıda yaşayanların münasibəti adekvat deyil. Bakı Olimpiya Stadionunun boş tribunalarını görüncə, ürəyim ağrıdı bir anlıq.
Meydana daxil olarkən və Çempionlar Liqasının himni çalınarkən, Coy-Lenis Mikels və bəzi yoldaşlarının ətrafa döyükə-döyükə göz gəzdirməsini sezdim.
Pis oldum. Bəlkə də tribunalara 20 min, ola bilsin, 25 min nəfər toplamışdı, amma onlar nəhəng BOS-un içində o qədər az, o qədər səssiz, o qədər tənha görünürdülər ki…
Tutumu 80 minə yaxın stadiona onlar da gəlməsəydi, lap yaxşı olardı. Yaxud UEFA oyunun tamaşaçasız keçirilməsini istəsəydi, bu qərarı ikiəlli dəstəkləyərdim.
Nə olsaydı, bundan urvatlı olardı. Tarixində ilk dəfə ÇL-də mübarizə aparan, ilk qələbəsini qazanan komandaya belə etinasız münasibəti heç cür qəbul etmirəm.
Mən bir daha əmin oldum ki, Bakı sakini adların arxasınca qaçır, rəqib seçir.
«Slaviya»nın yerində Avropanın bir tanınmış ortabab klubu olsaydı, BOS-un yarıdan çoxu dolardı.
İndi gözləyin noyabrın 25-ni. Həmin gün «Barselona»nın qonağıdır.
BOS-da iynə atsan, yerə düşməyəcək. «Sabah» rəhbərliyinin yerində olsaydım, «Slaviya» ilə oyuna gəlməyənləri o tarixdə BOS-a buraxdırmazdım.
Heç stadionun həndəvərinə yaxın qoymazdım.
Azarkeş «Slaviya» kimi rəqiblərlə qarşılaşmalarda lazımdır. «Barsa»nı dünya tanıyır, noyabrın 25-nin azavrkeşi olmağa nə var axı.
ELNUR
