“Qarabağ”ın satdığı hücumçu: “İndi yeni liqada və çox böyük klubda oynayıram”

00:30 Qarabağ 146
“Qarabağ”ın satdığı hücumçu: “İndi yeni liqada və çox böyük klubda oynayıram”

“Bu, mənim üçün gözəl qarşılaşmadır.

Möhtəşəm stadiondur və əla oyun olacaq.

“Qarabağ”la da orada oynamışam və həmin matç xoş xatirələrlə yaddaşıma həkk olunub. Belə oyunlarda meydana çıxmaq istəyirsən”.

Sportinfo.az xəbər verir ki, bunu hazırda Şotlandiya “Seltik”ində çıxış edən futbolçu Kamilo Duran oktyabrın 15-də Portuqaliyada “Benfika”ya qarşı keçirəcəkləri UEFA Avropa Liqasının əsas mərhələsinin II tur matçından əvvəl “The Herald” nəşrinə müsahibəsində deyib.

24 yaşlı hücumçu ötən mövsüm “Qarabağ”ın heyətində “Benfika” üzərində 3:2 hesabı ilə qalib gəldikləri Çempionlar Liqasının ilk tur matçını xatırlayıb: “Yadımdadır, 2:0 hesabı ilə geridə idik, amma geridönüş edərək qalib gəldik – 3:2. Bu, mənim Çempionlar Liqasında debütüm və turnirdə ilk qolum idi. Allahın köməyi ilə cümə axşamı bunu yenidən bacararam”.

Duran yayda “Qarabağ”dan “Seltik”ə keçməsinin karyerasında mühüm rol oynadığını düşünür.

Onun sözlərinə görə, yeni liqada və böyük klubda çıxış etmək Kolumbiya millisinə daha çox dəvət alma şansını artırır: “Milli komandada debüt etdiyim üçün çox xoşbəxt idim. Uşaqlıqdan arzuladığım bir şey idi. Ümid edirəm ki, bundan sonra ölkəmin yığmasında daha çox oyun keçirəcəyəm. Məqsədim “Seltik”də yüksək səviyyədə oynamağa davam etmək və indiyədək göstərdiyim performansı qorumaqdır. Ümid edirəm ki, bu, milliyə daha çox dəvət almağıma kömək edəcək. Yayda “Seltik”ə keçməyimin böyük təsiri olduğunu düşünürəm. İndi yeni liqada və çox böyük klubda oynayıram. Burada yaxşı çıxış etsəm və hər şeyi düzgün etsəm, bu, millidə daha çox oyun keçirmək şansımı mütləq artıracaq”.

Duran “Seltik”in baş məşqçisi Martin O’Nilin milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilə zamanı klubda qalmasından da məmnunluğunu ifadə edib: “Onun hələ də burada olmasına çox şadam. “Seltik”ə gəldiyim gündən məni ən yaxşı şəkildə qarşılayıb. Mənə çox böyük inam verib. Ümid edirəm ki, bazar günü çətin dövrdən çıxışımızın başlanğıcı olacaq. Burada hamı – futbolçular, məşqçilər və Lennoxtaundakı bütün əməkdaşlar məni çox yaxşı qarşılayıblar. Özümü burada, ailəm də daxil olmaqla, evimdəki kimi hiss edirəm. Ümid edirəm ki, meydanda birlikdə böyük uğurlar qazana biləcəyik. Burada çox xoşbəxtəm”.

Kolumbiyalı futbolçu ingilis dilini öyrənməyin çətin olduğunu da etiraf edib: “İngilis dilini öyrənmək olduqca çətindir, amma yavaş-yavaş irəliləyirəm. Ümid edirəm ki, tezliklə bu dildə danışacağam”.

Duran mövsümün əvvəlində “Seltik”də uğurlu çıxışı ilə diqqət çəkib. O, ilk üç yoxlama matçının hər birində qol vurub, rəsmi oyunlarda isə ilk səkkiz qarşılaşmada doqquz qol və məhsuldar ötürmə ilə yadda qalıb. Bu performans ona Kolumbiya millisindən ilk dəvəti qazandırıb. Hücumçu Paraqvaya qarşı yoldaşlıq görüşündə yığmanın heyətində debüt edib.

Bununla belə, “Seltik” son fasilədən əvvəl “Reyncers”ə iki dəfə və Avropa Liqasında evdə Macarıstan “Ferentsvaroş”una məğlub olaraq ardıcıl üç oyunda uduzub. Duran həmin nəticələrdən sonra komandanın toparlanmalı olduğunu deyib: “Üç oyunda məğlub olmaq çox çətin idi. Həqiqətən, çox ağır həftə keçirdik. İndi özümüzü toparlamalı və bazar günü buna layiqli cavab verməliyik. Bu, vacib oyundur və bütün diqqətimizi ona yönəltməliyik”.

Kamilo Duran yayda 5,5 milyon funt-sterlinq qarşılığında “Qarabağ”dan “Seltik”ə keçib.

O, “Qarabağ”ın heyətində “Benfika”ya qarşı Çempionlar Liqasında 3:2 hesablı tarixi qələbədə böyük pay sahibi olub. Duran 48-ci dəqiqədə komandasının ikinci qolunu vurub.

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 17:50 Çək və bizə göndər!
14 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Oktyabr 08:40 "Dinamo"dan 9 qol - VİDEO