“Sabah” Çexiyanı silkələdi: “Bəzi futbolçular hələ də bunu başa düşmür”

“Sabah” Çexiyanı silkələdi: “Bəzi futbolçular hələ də bunu başa düşmür”

Azərbaycan çempionu “Sabah” Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazandı.

Oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmada təmsilçimiz son Çexiya çempionu “Slaviya”nı 2:0 hesabı ilə məğlub etdi.

Matç ərzində rəqibin kifayət qədər qol imkanları olsa, ayrı-ayrı epizodlarda oyuna nəzarəti ələ alsa da, yekunda sevinən tərəf bizimkilər oldu.

Təbii ki, “Slaviya” azarkeşləri bu nəticədən razı deyil. Sevimli komandalarının məğlubiyyətini həzm edə bilməyən çexiyalı futbolsevərlər klubun sosial şəbəkə hesablarında müxtəlif şərhlər yazaraq narazılıqlarını ifadə edirlər.

Sportinfo.az həmin rəylərdən bir neçəsini təqdim edir.

“Biz daha yaxşı futbol oynaya bilərik, amma bu oyun əsl fiasko idi. Bütün komanda, bütün futbolçular bərbad çıxış etdilər. Bəzi epizodlarda isə bəxtimiz gətirmədi”.

“Mən bunu təsadüf adlandıra bilmirəm. Bu, belə də olmalı idi. Heyətimizdə Çori kimi futbolçu varsa və bu oyun üslubu ilə davam ediriksə, Çempionlar Liqasında heç vaxt nəticə qazana bilməyəcəyik”.

“Təəssüf ki, ‘Sabah’ və ‘Pafos’ kimi komandalar bizi rahatlıqla məğlub edirlər. Bu, sadəcə, absurddur!”

“Görəsən, baş məşqçi Trpişovski ilə nə vaxt vidalaşacağıq? İllərdir səhvlər sıralanır, eyni yanlışlıqlar təkrarlanır, amma bu adam yerindən tərpənmək bilmir. Yəqin kimlər üçünsə Çempionlar Liqasına vəsiqə kifayətdir. Ondan o tərəf maraqlı deyil”.

“Çempionlar Liqasında mübarizə aparırsan, Çexiyanı təmsil edirsən, qələbəyə görə səni 2 milyon avro gözləyir, amma belə bərbad oyunla özünü biabır edirsən”.

“Əgər ‘Slaviya’nın oynadığı futbol idisə, deməli, mən futbol adına heç nə bilmirəm”.

“Bəziləri anlamalıdır ki, bura Konfrans Liqası deyil. Bura Avropanın güclü və imkanlı klublarının mübarizə apardığı Çempionlar Liqasıdır. Təəssüf ki, bəzi futbolçular hələ də bunu başa düşmür. İki metrdən topu qapıya göndərməkdə, ya da qapı xəttindən çıxarmaqda əziyyət çəkirlər”.

“Üç hücumçu ilə oynamaq axmaqlıqdır. Bəlkə Çexiyada bu iş keçər, amma Avropanın ən yüksək səviyyəsində keçməz. Bildiyim bir şey var - bütün oyunu sanki on nəfərlə oynadıq”.

“Bu oyunla biz heç “Xmel”i də məğlub edə bilməzdik (Çexiyada həvəskar kənd komandası kimi tanınan tarixi klub olub. 1946-cı ildə yaranıb, 2016-cı ildə imkansızlıqdan fəaliyyətini dayandırıb – H.)”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti