Fərid Namazovun “İmişli” ilə Premyer Liqa macərası uzun çəkmədi.
Klub rəhbərliyi ilə fikir ayrılığı yaşayan 34 yaşlı mütəxəssislə yollar ayrıldı.
Bölgə təmsilçisi müvəqqəti olaraq komandanı latviyalı məşqçi Ervins Perkonsa tapşırıb.
Klub rəhbərliyi yeni baş məşqçi axtarışlarını davam etdirir. Artıq bu vəzifəyə təcrübəli mütəxəssisin gətirilməsi ilə bağlı qərar qəbul olunub.
Ötən mövsüm Jorj Kaşkilyanın rəhbərliyi altında sürpriz komandaya çevrilən “İmişli”nin bu dəfə də təcrübəli məşqçiyə güvənəcəyi gözlənilir.
Əldə etdiyimiz məlumata görə, başbilənlər bir neçə namizədi gözdən keçirir.
Müxtəlif ölkələrdən olan mütəxəssislərin adları hazırda rəhbərliyin müzakirə masasındadır.
Namizədlərdən biri də türkiyəli mütəxəssis Naci Şensoydur.
Azərbaycan futbolunu yaxından tanıyan və vaxtilə “Turan”da çalışan 68 yaşlı məşqçinin namizədliyi “İmişli”yə təklif olunub.
Hazırda nəzərdən keçirilən mütəxəssislərin təcrübəsi, eləcə də komandaya verə biləcəkləri fayda dəyərləndirilir.
Ehtimal olunur ki, “İmişli”nin yeni baş məşqçisinin adı bu ayın sonuna qədər açıqlanacaq.
Premyer Liqada 7 turdan sonra 1 qələbə və 1 heç-heçə qazanan “İmişli” 4 xalla 12 komanda arasında 9-cu pillədə qərarlaşıb.
HƏBİB / SPORTİNFO.AZ
