“Son günlər mətbuatda Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin qış transfer pəncərəsində “Erzurumspor”dan ayrılacağı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir”.
Sportinfo.az xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin prezidenti Ahmet Dal məlumat verib.
O bildirib ki, komanda daxilində həm hücumçuya, həm də onun bacarığına böyük inam var.
“Son günlər mediada Nərimanın klubumuzdan ayrılacağı barədə xəbərlər dolaşır. Amma bunu qətiyyətlə təkzib edirəm.
“Erzurumspor” olaraq Nərimanı çox sevirik və onun oyununu bəyənirik. Eyni şəkildə, o da klubumuzu çox sevir.
Bu cür xəbərlərin haradan çıxdığını bilmirəm, adətən transfer dövrlərində belə şayiələr yayılır. Lakin birmənalı şəkildə bildirirəm ki, belə bir planımız yoxdur”, - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.
Klub rəhbəri futbolçunun komandaya tam adaptasiya ola bilməməsini onun düşərgəyə gec qoşulması və Erzurumun coğrafi şəraiti ilə əlaqəli olduğunu vurğulayıb:
“Nəriman mövsümün əvvəlində Millətlər Liqası ilə əlaqədar milli komandanın düşərgəsində idi və aramıza bir qədər gec qatıldı.
Erzurum Türkiyənin ən yüksək dağlıq bölgələrindən biridir. Buranın hündürlüyünə uyğunlaşmaq həm yeni transferlərimiz, həm də oyunçular üçün asan başa gəlmir.
Şəhərin hava və iqlim şəraitinə uyğunlaşma dövrü bəzən vaxt aparır. Baş məşqçimiz Serkan Balta Nərimandan razıdır.
Onun həm məşqlərdəki çalışqanlığından, həm də meydandakı performansından məmnunuq. O, çox sevilən və örnək xarakterə malik futbolçudur”.
Ahmet Dal Azərbaycanla münasibətlərə də toxunaraq qeyd edib ki, Nəriman Axundzadənin transferi iki ölkə arasındakı qardaşlıq əlaqələrinə xüsusi töhfə verir və klub bu əməkdaşlığı gələcəkdə də davam etdirməkdə maraqlıdır.
Nəriman Axundzadə müqavilə ilə ABŞ-nin “Kolambus Kryu” klubuna məxsusdur. “Erzurumspor” avqust ayında 22 yaşlı hücumçu ilə 1 illik icarə müqaviləsi imzalayıb.
