“Neftçi”də Emin Mahmudovla mübarizə - Braziliyalı danışdı

19:40 Neftçi 235
“Neftçi”də Emin Mahmudovla mübarizə - Braziliyalı danışdı

“Neftçi”də ciddi rəqabətin yaşandığı mövqe təbii ki, yarımmüdafiənin mərkəzidir.

Bu zonada Emin Mahmudov, Emil Səfərov, Sessi DAlmeida, İfeanyi Metyu, Qustavo Klisman, Alen Şkribek və Viçko Şevel kimi futbolçular yer alır.

Təbii ki, hər həftə onlardan yalnız üçü əsas heyətdə meydana çıxa bilir, digərləri isə ehtiyat oyunçular skamyasında oturmaq məcburiyyətindədir.

Əvvəlki matçlarda Qustavo Klismanı daha çox əvəzedici qismində görürdüksə, “Sabah”la prinsipial qarşılaşmada braziliyalı yarımmüdafiəçi start heyətində yer almışdı. Buna Emin Mahmudovun milli komandanın düşərgəsindən yeni qayıtması təsirsiz ötüşməmişdi.

Braziliyalı qarşıdakı oyunlarda da əsas heyətdə yer almaq şansını necə qiymətləndirir? Emin Mahmudovla rəqabətdən qalib ayrılacağına inanırmı? Özünü start “11-liy”inin “daimi sakini” rolunda görürmü?

Səbəbkar bununla bağlı Sportinfo.az-a açıqlama verib:

“Bizim işimiz həftəboyu məşqlərdə hazırlaşmaq, verilən tapşırıqları yerinə yetirməkdir. Mən və digər komanda yoldaşlarım bunlara əməl edirik.

Emin Mahmudov da mənim kimi eyni qayda, eyni istək və həvəslə məşq edir. Kimin hazır olmasına, kimin oynamasına dair qərarı baş məşqçi verir.

Ona görə də sualınıza konkret cavab verə bilməyəcəyəm. Hər bir futbolçu kimi mən də mütəmadi oynamaq üçün çalışıram. Rəqabətin olması isə hər birimizin xeyrinədir”.

26 yaşlı braziliyalı yarımmüdafiəçi 5-ci turda “İmişli”nin qapısına vurduğu Pelesayağı qolla diqqətləri üzərinə çəkmişdi. Həmin qol, çox güman, sentyabr ayının ən yaxşı qolu seçiləcək.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti