Milli komandaların oyunları ilə bağlı Premyer Liqada yaranan üç həftəlik fasilə bəzi klublar üçün göydəndüşmə oldu.
Bu baxımdan “Qarabağ”ın adını xüsusi şəkildə qeyd etmək olar.
Yay fasiləsində heyətində ciddi dəyişikliklər edən Ağdam təmsilçisinin yeni futbolçularının komandaya və baş məşqçi Qurban Qurbanovun futbol fəlsəfəsinə uyğunlaşması üçün zamana ehtiyacı var idi.
Bir neçə oyunçunun milli komandaların düşərgəsinə yollanmasına baxmayaraq, digər futbolçular məşqlərini davam etdirib, “Zirə” ilə yoxlama görüşündə (3:1) qüvvəsini sınadı.
Komandanın aparıcı futbolçularından olan Pedro Bikalyo Sportinfo.az-a açıqlamasında fasilə dönəmini dəyərləndirib.
Braziliyalı yarımmüdafiəçi bu müddətin “kğhlən atlar”ın xeyrinə işlədiyini və yeni transferlərin komandaya uyğunlaşması baxımından vacib olduğunu bildirib:
“Əminliklə deyə bilərəm ki, bu fasilə bizim xeyrimizə işlədi və məhsuldar alındı. Bəzi futbolçularımız milli komandaların düşərgəsində idi.
Eyni zamanda, heyətimizə çoxsaylı yeni futbolçular qoşulub. Onların bir-birinə uyğunlaşması və meydanda anlaşması baxımından bu fasilənin işimizə yarayacağını düşünürəm.
Yeni futbolçuların çoxluğuna baxmayaraq, kollektivdə xoş atmosfer var. Komandada əsasən pozitiv düşüncə və özünəinam hökm sürür.
Ümid edirəm ki, üç həftəlik fasilədə gördüyümüz işlər qarşıdakı oyunlarda öz bəhrəsini verəcək”.
Ağdam təmsilçisi 7-ci turda Yevlaxda “İmişli”nin qonağı olacaq.
Oktyabrın 11-də keçiriləcək oyun saat 16:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ
