Çempionlar Liqasının qüdrətinə bax...
“İmişli” - "Qarabağ" oyununa baxa-baxa bir anlıq bu cümlə ağlımdan keçdi.
Bu, heç də təsadüfi deyil. Tribunada boş qalan yerlər məndə bu fikri formalaşdırdı.
Belə ki, ötən mövsüm Çempionlar Liqasında çıxış edən “Qarabağ”ı hətta Qubada böyük azarkeş coşqusu ilə qarşılamışdılar.
Heç bir oyunda görmədiyimiz qədər azarkeş “Qarabağ” üçün Quba Olimpiya Kompleksinə toplaşmışdı. Təxminən 4 minə yaxın fanat var idi.
Bundan daha səs-küylü oyunlar isə Yevlaxda keçirilmişdi. “Kəpəz” – “Qarabağ”, eləcə də “Karvan-Yevlax” – “Qarabağ” oyunlarına çox sayda azarkeş gəlmişdi.
Yaxşı yadımdadır, tribunalar dolmuşdu. Hətta çox sayda azarkeş ayaqüstə qalmaq məcburiyyətində qalmışdı.
Stadionun ümumi giriş qapısı isə oyunun başlamasına təxminən 10 dəqiqə qalmış azarkeşlərin üzünə bağlanmışdı.
Çünki arenada oyunu izləmək üçün nəinki oturmağa, hətta ayaqüstə dayanmağa belə yer yox idi.
Amma bu mövsüm “Qarabağ”ın Yevlaxa ilk səfəri “İmişli” ilə oyuna təsadüf etdi.
Gördük ki, tribunada çox sayda boş yer var. Düzdür, protokolda 3 min azarkeşin olduğu qeyd edilib, amma bu rəqəm özü belə azdır.
Çünki stadionun tutumu 6 min nəfərdir. Gözəyarı baxanda da görünürdü ki, arenada heç 3 min azarkeş də yoxdur.
Bu, bir daha göstərir ki, futbolda nəticələr, əldə olunan uğurlar önəmlidir.
Nəticə varsa, azarkeş də yanında olacaq, tribunalar dolacaq. Nəticə yoxdursa, dünən dünəndə qalır, artıq heç kimə maraqlı olmursan. Fanatlar bu günlə yaşayırlar.
“Qarabağ” isə bu gün Çempionlar Liqasından kənarda qalmasının acısını əyani şəkildə yaşayır.
Bu, təkcə tribunada deyil, ümumiyyətlə, futbol ictimaiyyətində də hiss olunur. Mətbuatda da “Qarabağ” ötən illərdəki qədər müzakirə edilmir, haqqında əvvəlki qədər danışılmır.
XANOĞLAN/ SPORTİNFO.AZ
