"Bakı" ilə matçlar həmişə xüsusi gərginlik və güclü rəqabət fonunda keçərdi".
Sportinfo.az xəbər verir ki, bu sözlər "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğluya məxsusdur.
O, sosial şəbəkə hesabında hazırda həbsdə olan klubun sahibi Mübariz Mənsimovla bağlı bir hadisəni nəql edib: "Səhv etmirəmsə, 2009-cu il idi və Lənkərandakı matçı izləyənlər arasında Mübariz Mənsimov da vardı.
"Xəzər Lənkəran"ın qalib gəldiyi oyundan sonra soyunub-geyinmə otağına gedən bakılıların seneqallı qapıçısı Xalidu Sissoko dəhlizdə polislərdən biri ilə dalaşaraq, ona tərəf tüpürmüşdü.
Buna görə dəhlizdə bir haray-həşir, bir gərginlik vardı ki... VİP-dən enən Mübariz Mənsimov səs-küyün səbəbini soruşdu və səbəbi bilincə, əsəblə dərhal həmin oyunçunun dava etdiyi polisin yanına gətirilməsini tələb etdi.
Qonaqlar nə qədər araya digər formada su səpmək istəsə də, Mənsimovun əsəbi qarşısında geri çəkildilər.
Mübariz bəy "Polisin geyimində Azərbaycan gerbi və bayrağı var. Kimsə bu dəyərləri üzərində gəzdirən şəxsə hörmətsizlik edə bilməz. Üzr istəməyincə, buradan kimsə çıxa bilməyəcək" dedi. Sissoko gətirildi, üzr istədi, polislə qucaqlaşdı və sakitlik yarandı".