Azərbaycanın yeniyetmə basketbolçuları Türkiyədə keçirilən "EVOQ Challenge Cup Pre Season Yalova" turnirində zəif və güclü tərəflərini müəyyənləşdiriblər.
Sportinfo.az xəbər verir ki, bunu Azərbaycanın basketbol üzrə U-14 və aşağı yaş qrupları üzrə oğlanlardan ibarət milli komandalarının koordinatoru və baş məşqçisi Bedri Meriç deyib.
O, U-14 və U-16 yığmalarının Yalova şəhərindəki turnirdə uğurlu çıxışından danışıb:
"Bu yarışda həm U-14, həm də U-16 komandalarımız finala çıxdılar. Hər iki kollektivi finala yüksəldiklərinə görə təbrik edirik.
Bu turnirə qatılmağımızın səbəbləri oyunlarda qalib gəlmək yox, çatışmayan cəhətlərimizi müəyyənləşdirmək idi. Çatışmayan məsələləri və nəyi inkişaf etdirməli olduğumuzu öyrəndik.
U-16 komandasını qarşıda Avorpa çempionatının seçmə mərhələsi gözləyir. Bu turnir bir növ də orada mübairzə apara bilmək üçün hazırlıq xarakteri daşıyırdı".
Türkiyəli mütəxəssis U-14 komandasında potensiallı oyunçuların olduğunu bildirib:
"Yalovadakı yarışda U-14 komandamıza baxış keçirdik. Uşaqların gələcəkdə yaxşı basketbolçu kimi yetişməsi üçün çalışırıq. Yeniyetmə oyunçuların zəif və güclü tərəflərini öyrənmiş olduq. Planlarımızı buna uyğun quracağıq. Bu turnir bizim üçün çox faydalı oldu".
U-14 və U-16 yığmaları "EVOQ Challenge Cup Pre Season Yalova" turnirini gümüş medalla başa vurublar.
