“Məlumat topladım və anladım ki, bu, mənim tipli futbolçular üçün uyğun komandadır”

15 Sentyabr 23:20 Kəpəz 80
“Məlumat topladım və anladım ki, bu, mənim tipli futbolçular üçün uyğun komandadır”

“Kəpəz”in müdafiəçisi David Domgjoni Misli Premyer Liqasının 5-ci turunda “Qəbələ” ilə matçda (1:0) “sarı-göylər”in heyətində debüt edib.

Sportinfo.az xəbər verir ki, albaniyalı legioner klubun mətbuat xidmətinə müsahibəsində ilk oyunla bağlı təəssüratlarını bölüşüb.

- “Kəpəz”in heyətində debütünüz necə alındı? Öz oyununuzdan razı qaldınız?

- Öncə məni və ailəmi xoş qarşıladığına görə klubun bütün əməkdaşlarına minnətdarlığımı bildirirəm. “Kəpəz”dəki debütümə gəlincə, deyə bilərəm ki, hər şey yaxşı alındı. Lakin zaman keçdikcə, oyundan-oyuna komanda yoldaşlarımı daha yaxşı tanıdıqca, bundan da güclü çıxış edəcəyəm. İstənilən halda, mənim “Kəpəz” formasında ilk oyunumun qalibiyyətlə başa çatmasına görə çox xoşbəxtəm.

- “Kəpəz”dən təklif gələndə ilk reaksiyanız necə oldu? Gəncə təmsilçisinə transferinizdə əsas rolu nə oynadı?

- Təklif alanda, “Kəpəz”in çox xüsusi, köklü klub olduğunu öyrəndim. “Sarı-göylər”in tarixi haqqında məlumat topladım. Anladım ki, bu, mənim tipli futbolçular üçün uyğun komandadır. Tədricən kollektivin bir hissəsinə çevrilməyə çalışıram. Ümidvaram ki, biz üzərimizdə çox işləsək, “Kəpəz” gələcəkdə daha yüksək yerlərdə qərarlaşacaq.

- “Kəpəz”də ən çox nəyi bəyənirsiniz?

- İlkin müşahidələrimə görə əminliklə söyləyə bilərəm ki, klubun azarkeşlərlə sıx bağlılığı var. Bu, mənim diqqətimi çəkən ən böyük məqamdır. Azarkeş amili “Kəpəz”in ən güclü tərəfidir. İnanıram ki, azarkeşlərin dəstəyi sayəsində daha böyük uğurlara imza atacağıq. Biz onlar üçün, eləcə də bütün Gəncə üçün oynayırıq. Tribunalarda belə çoxlu sayda fanat gördükdə, meydançada əsl döyüşçüyə çevrilirik.

- Gəncəyə bir müddət əvvəl köçmüsünüz. Bu qısa zaman ərzində şəhəri gəzmək imkanı olub?

- Açığı, çempionatın sıx qrafikinə görə Gəncəni gəzmək imkanım olmayıb. Həyat yoldaşım və uşaqlarımla birgə yalnız şəhərin mərkəzini gəzmişik. Gəncənin küçələri təmiz, insanları olduqca dostcanlıdır. Şəhərdəki parklar, tarixi binalar çox xoşumuza gəldi.

- Sonda, növbəti oyunla bağlı fikirləriniz necədir? “Kəpəz”in sentyabrın 20-də “Sumqayıt”a qarşı keçirəcəyi görüş barədə nə düşünürsünüz?

- Adətən, istənilən yarışda qarşıdan gələn matç ən vacibi sayılır. Biz həftəboyu tam gücümüzlə məşq etməli, oyuna ciddi hazırlaşmalıyıq. “Sumqayıt”la matçda komanda şəklində mübarizə aparıb, uğurlu nəticə göstərməliyik.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar
15 Sentyabr 02:50 “Kəpəz”i Arzu xilas etdi