«Sabah»da keçirdiyi son illəri boşa verən Nicat Mehbalıyevə «Şəfa» qapı açıb ki, Premyer Liqa ilə yenidən şəfalansın.
O da eləmə tənbəllik, hər həftə Zaur Həşimovu necə lazımdır, bəlaya salır.
Çatan ya iki-üç qol vurur, ya da dörd.
Allah insafını kəsməsin, hər oyunda komandaya nicat-zad verib eləmir, elə hey, səhv eləyir. Dünən o səhvlərdən birini də «Sabah»la etdi.
Onadək gül kimi oynayırdı «Şəfa». Mehbalıyevin ilk ciddi səhvindən sonra «Sabah» hesabı açdı, «Şəfa» oyunun qalan bölümündə cəfa çəkdi.
İştah diş altında olar. Nicatın iştahıyla tesbehə çöndərdiyi səhvlər isə heç bir araya sığmır.
Hələ utanmaz-utanmaz deyir ki, çağırsalar, milliyə gedərəm, o günü möhkəm arzulayaram. Arzula, Mehbalıyev, arzula! Ayxan Abbasov mütləq yaxın vaxtlarda millinin qapısını sənə tanıdacaq.
Futbolçuların minib-düşdüyü avtobusun qapısını açıb-bağlamaq lazım olacaq. Hərdən intizabatçı, topdaşıyan lazım olur ona, bu işlərdə də əl tutarsan baş məşqçiyə.
Hər kəs gərək bacardığı işin qulpundan yapışsın da, düz demirəm bəlkə?
Gedişinlə «Sabah»ı şəfalandırmısan, gəlişinlə «Şəfa»nı bəlaya soxmusan. Adın Nicatdır, oynun kabus.
MUSA
