“Sabah” Çempionlar Liqasının Liqa mərhələsinin ilk oyununda məğlub oldu.
Əzəmətli “Old Trafford” stadionunda baş tutan qarşılaşmada “tələbələr” “Mançester Yunayted”ə böyük hesabla uduzdu – 0:4.
Bu matç “Sabah”ın 15 futbolçusu üçün əlamətdar oldu. Velko Simiç xaric, əsas heyətdə yer alan 10, əvəzetmədən meydana çıxan 5 nəfər Avropanın bir nömrəli klub turnirinin Liqa mərhələsində debüt etdi.
“Old Trafford”da “”Mançester Yunayted”ə qarşı oynamaq hər futbolçuya nəsib olmur. Bu, onlar üçün yuxunun gerçəkləşməsi deməkdir.
Odur ki, futbolçuların əksəriyyəti qarşılaşmadan sonra sosial media hesablarında “Arzuların teatrı” adlanan arenadan şəkillər paylaşaraq təəssüratlarını yazıblar:
Kahim Parris: “Hər şey öz vaxtında sənə gəlir”.
Timoteuş Puxaç: “Mümkünsüz görünən xəyal gerçəyə çevrildi”.
Orfe Mbina: “Nəticədən məyusam, amma bu yol üçün inanılmaz dərəcədə minnətdaram. Haradan gəldiyimə nəzər salanda, belə anların mənim üçün nə dərəcədə böyük əhəmiyyət daşıdığını daha yaxşı anlayıram. “Old Trafford”da Çempionlar Liqasının oyununa çıxmaq. Bu, gerçəkləşən arzudur. Sən ən yaxşılardan öyrənirsən, ən böyük anlar vasitəsilə inkişaf edirsən və irəliləməyə davam edirsən. Hər şey üçün Allahıma təşəkkür edirəm. Bu yol hələ çox uzaqdadır, hər şey yeni başlayıb”.
Eyden Makkarti: “Çempionlar Liqasının Liqa mərhələsinə “Old Trafford”da debüt. Nəticə üzücüdür, amma bu xatirə ömür boyu bizimlə yaşayacaq”.
İvan Lepinitsa: “Çempionlar Liqasının himnini meydanda olarkən dinləmək tamam başqa hisdir. Avropanın ən böyük səhnəsində birinci fəsil”.
Akim Zedadka: “Fərqli hislərdir”.
Du Keyros: “Heç bir söz bu yerlərə gəlib çıxmağım üçün nə qədər xəyal etdiyimi təsvir edə bilməz. Sadəcə minnətdarlıq edə bilərəm”.
“Sabah” Çempionlar Liqasının 2-ci turunda Praqa “Slaviya”sını qəbul edəcək. Bakıda keçiriləcək qarşılaşma oktyabrın 13-də Bakıda baş tutacaq.
HƏBİB / SPORTİNFO.AZ
