Azərbaycan millisinin futbolçusu Toral Bayramovun yeni komandası “Bursaspor”da işləri heç də qaydasında getmir.
Sportinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, I Liqa klubunun baş məşqçisi Mustafa Er 25 yaşlı sol cinah müdafiəçisinə güvənmir.
Təsadüfi deyil ki, Bayramov çempionatın 7-ci turu çərçivəsində dünən “Erokspor”la ev matçına (2:2) da ehtiyatdan başlayıb və 63-cü dəqiqədə mübarizəyə qoşulub.
Toral bu mövsüm yalnız bir görüşdə start heyətində yer alıb ki, onda da ikinci hissədə əvəzlənib.
Mövsümün əvvəlində müdafiənin cinahında və vinger mövqeyində müəyyən problemlər yaşansa da, məşqçilər korpusu yenə də həmyerlimizə çox şans verməyib.
Yerli KİV də liqanın ən bahalı oyunçularından sayılan Toralın istədiyi qədər oynaya bilməməsini qabardıb. Həmkarlarımız bunu futbolçunun yeni komandasına və çempionata uyğunlaşma problemi yaşaması ilə əlaqələndirib.
“Bursaspor” hazırda 16 xalla I Liqaya liderlik edir.
