“Neftçi”nin qələbəsinə kölgə salmadı: “Biz bunu bəhanə gətirə bilmərik”

21:20 Müsahibə 136
“Neftçi”nin qələbəsinə kölgə salmadı: “Biz bunu bəhanə gətirə bilmərik”

“İmişli” “Neftçi”ylə qarşılaşmada sürprizə yaxın idi.

Nominal meydan sahibləri ilk hissənin əvvəlində qapısından 2 top buraxmasına baxmayaraq, fasiləyə qədər bərabərliyi təmin etdi.

Lakin əvəzetmədən meydana çıxan Qustavo Klismanın möhtəşəm qolu bakılılara 3 xal qazandırdı.

Sportinfo.az-a müsahibə verin “İmişli”nin ilk qolunun müəllifi Bəxtiyar Həsənalızadə sualları cavablandırıb.

- Matça uğursuz başlamaqla qapınızdan 2 top buraxdınız. Bundan sonra sanki komanda özünə gəldi və hesab bərabərləşdi. Nə etdiniz? Nələri dəyişdiniz?

- Oyuna yaxşı başlamamağımızın səbəbi ötən görüşlə müqayisədə taktiki dəyişikliklərlə bağlı idi. Bəzi yeniliklər olmuşdu deyə, sanki özümüzü “tuta” bilmirdik. “Neftçi” bundan istifadə edib 2 qol vurdu. 0:2-dən sonra baş məşqçimiz müəyyən dəyişiklərə əl atdı. Ondan sonra özümüzə gəldik, top saxlamağa başladıq. Birinci qolu vaxtında vurmağımız futbolçularda özünəinam yaratdı.

- Heç-heçəyə yaxın olduğunuz halda, qələbənin əldən çıxmasının səbəbini kimdə, yaxud nədə görürsən?

- Elə bir qol alındı ki, adam səbəb dıə göstərə bilmir. Diqqətsizlik etdiyimizi deyə bilmərəm. Zərbə elə idi ki, qapıçını da qınamaq olmur. Top əlçatmaz yerə getdi sanki.

- Yusif İmanovla müqayisədə Sadiq Məmmədzadə gənc və təcrübəsizdir. Qapıda Sadiqin dayanması siz mərkəz müdafiəçilərində müəyyən narahatlıq yaradırdı?

- İlk oyun üçün Sadiq çox yaxşı oynadı, bir neçə zərbəni dəf etdi. Bəlkə də müəyyən qədər həyəcan var idi. Amma zamanla düzələcək. Sizi inandırım, dediyiniz məqama önəm vermirdim – qapıda təcrübəlidir, yoxsa təcrübəsiz. Çünki Sadiq bunu hiss etdirmədi.

- Vurduğun qolu necə şərh edərdin? “Neftçi”nin futbolçuları həmin epizodda topun ələ dəydiyini iddia edirdilər.

- Top mənə gəlməmişdən əvvəl qarışıqlıq idi. Orada nə baş verdiyini dəqiq görmədim. Hər bir halda meydanda hakim var. Üstəlik, qollar VAR-da incələndikdən sonra qeydə alınır. Qolu kimin vurmasının önəmi yoxdur. Önəmli olan “İmişli”nin xal və ya xallar qazanmasıdır. Yalnız onu deyə bilərəm ki, topun qarşıma düşəcəyini hiss etmişdim və zərbə vurmağa hazır idim.

- İşıqlandırma sistemi yoxdur deyə, oyun saat 16:30-da başladı. Bu cür havada oynamaq çətinlik yaradır?

- Sanki avqust ayının istisi var idi. Bununla yanaşı, örtüyün də süni olması çətinlik yaradırdı. Havanı, yaxud “sintetika”nı bəhanə göstərər bilmərik. Çünki şərtlər hər iki komanda üçün eynidir.

- Oyunun ədalətli nəticəsi heç-heçəydi, yoxsa rəqib 3 xala layiq idi?

- 2:2 olanda Seyxan Fərəcov qol fürsətini dəyərləndirsəydi, hesabda önə keçəcəkdik. Lakin top qapının yanından keçdi. Bundan bir az sonra “Neftçi” qol vurdu. Fikrimcə, göstərdiyimiz oyunla 1 xala layiq idik. Qismət.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti