“İmişli”nin penalti lənətinə, nəhayət, son qoyuldu.
Bölgə klubu Premyer Liqanın 5-ci turunda "Neftçi"yə məğlub olsa da, uğursuz tendensiyaya son qoymaqla yadda qaldı.
Əcnəbi futbolçularla başlayan, yenə əcnəbilərlə davam edən penalti sindromuna azərbaycanlı futbolçu nöqtə qoydu.
Belə ki, ötən mövsüm hakimlər “İmişli”nin lehinə üç penalti təyin etmişdi və komandanın futbolçuları bu fürsətlərin heç birindən yararlana bilməmişdi.
İlk penaltini 7-ci turda “Araz-Naxçıvan”la oyunda Dieqo Almeyda qaçırmışdı. 10-cu turda “Qarabağ”la matçda Luis Silvestr penaltini boşa vermişdi. 14-cü turda isə İbrahim Əliyev yaxşı fürsəti əldən vermişdi.
Bu mövsüm də “İmişli”də penalti sindromu davam edirdi. Belə ki, ötən tur “Qəbələ” ilə oyunda yenə Dieqo Almeyda, bu dəfə ikinci dəfə yaxınlaşdığı nöqtədə, fürsətdən yararlana bilmədi.
Nəhayət, “Neftçi” ilə oyunda buna komandanın kapitanı Azər Salahlı son qoymağı bacardı.
Beləliklə, legionerlərlə başlayan, legionerlərlə davam edən penalti sindromuna azərbaycanlı futbolçu nöqtə qoydu.
XANOĞLAN/ SPORTİNFO.AZ
