Azərbaycan Premyer Liqasında hakim qalmaqalı bitmir.
5-ci turda daha çox "Araz-Naxçıvan" - "Turan Tovuz" görüşündə baş hakim Elçin Məsiyevin qonaqların qapısına verdiyi gülməli penalti müzakirələrə yol açdı.
Bundan heç də geri qalmayan kobud səhv "Zirə" - "Qarabağ" oyunundan da yan keçmədi.
Mübahisəli hakim qərarı qarşılaşmanı kölgədə qoydu.
68-ci dəqiqədə baş hakim Rəşad Əhmədovun "Qarabağ"ın müdafiəçisi Bense Varkonyeyə İssa Cibrilaya qarşı sərt müdaxiləsinə qırmızı vərəqə göstərmədiyi epizod ciddi suallar doğurdu.
Üstəlik, hakim bununla kifayətlənmədi, kapitan Qismət Alıyevə Mateus Silvanı göstərərək sonuncu ümid folunun olmadığını işarə etdi.
Bəli, epizod sonuncu ümid folu olmaya bilər, amma açıq-aşkar təcavüzkar davranışdı.
Görünür, Rəşad Əhmədovun şkalasında güc və intensivlik bir qədər aşağı qiymətləndirilib.
Halbuki həmin müdaxilənin xarakteri sarı vərəqə ilə dəyərləndirəcək qədər sadə görünmürdü.
Ədalətli qərar verilsəydi, “Zirə” təxminən 25 dəqiqə meydanda bir nəfər üstün oynayacaqdı.
Belə bir üstünlük isə “Qarabağ” kimi rəqibə qarşı oyunun taleyinə birbaşa təsir edə bilərdi.
“Zirə” həmin qarşılaşmada meydanda mübarizə aparırdı, nəticə üçün sona qədər savaşırdı.
Ona görə də belə bir epizodun oyunun gedişinə təsirsiz ötüşdüyünü demək çətindir.
Aşağıdakı linkə daxil olaraq videonu izləyə bilərsiniz:
