Klub prezidenti AFFA-nın qərarını ağılsızlıq sayır: “Nə etməli idik?”

21 Fevral 12:40 Qalmaqal 1 295
Klub prezidenti AFFA-nın qərarını ağılsızlıq sayır: “Nə etməli idik?”

AFFA İntizam Komitəsinin son iclasında maraqlı qərarlar verilib.

Sportinfo.az xəbər verir ki, qurum 1-ci divizionun 12-ci turunda "Sumqayıt-2" ilə matçdan sonra hakimləri isti su ilə təmin etmədiyinə görə "Qaradağ Lökbatan"a 80 manat cərimə kəsib.

Bu görüş Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda keçirilib və meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Məsələ ilə bağlı qəsəbə klubunun icraçı direktoru Bəbir Həsənovla əlaqə saxladıq. Klub rəsmisi cərimələnmələrinin səbəbini belə izah etdi (Futbol+):

“Əslində çox böyük problem yaşanmadı. Hakimlər hamamda olarkən isti su gəlmədi. Borularda paslanma olub. Bu problemi 5 dəqiqə ərzində həll etdik. Hakimlər hamamdan istifadə edib, getdilər.

Yəqin qaydalara görə belə halın baş verməsi yolverilməzdi. AFFA nümayəndəsinin qeydinə əsasən belə cəza veriblər. Yenə deyirəm, 5 dəqiqə ərzində problemi həll etdik, hakimlər hamamdan yararlandılar.

Qərardan narazılığım yoxdu. Çox böyük cərimə də deyil. Sudu da, gəlməyib. Əsas odu ki, vaxtında müdaxilə edib, hər şeyi qaydaya salmışıq. Cərimə də 80 manatdı. Təbii ki, ödəyəcəyik. Etiraz etməyin də mənası yoxdu”.

"Zaqatala" isə "Kəpəz"lə dueldə meydanı vaxtında sulamadığına görə 80 manat cərimələnib. Zaqatala Olimpiya Kompleksinin stadionunda keçirilən oyundan yerli komanda üstün ayrılıb - 2:0.

Problemin nədən qaynaqlandığı öyrənmək üçün “yaşıllar”ın prezidenti Musa Qurbanovla əlaqə saxladıq. Klub rəhbəriı qərarı belə dəyərləndirdi:

“Mən həmin qarşılaşmada olmamışam. Oyunu stadiondan izləyə bilmədim. Ot örtüyünün sulanmasında problem yaranıb.

Bildiyimə görə, bir çox 1-ci divizion klublarının stadionunda belə problem var. Binə stadionu kimi yerə oyun salına bilir, Zaqataladakı ot örtüyünün vaxtında sulanmaması problem olur? Ağılsız qərardı.

Bizdə çox hallarda rayonda suyun verilməsində problem yaşanır. Oyun vaxtdı da belə hadisə yaşanıb. Nə etməliydik, meydanı vedrə ilə sulamalıydıq?

Vallah, bu qərar ağla sığmır. AFFA nümayəndəsi niyə belə məsələni qabardıb, mənə çox maraqlıdı. Cərimə də böyük bir şey deyil.

Təbii ki, ödəniləcək. Lakin, ümumiyyətlə, belə hallar baş verilməməlidi. Qərarı heç bir ağla, məntiqə sığışdıra bilmirəm”.

Digər Xəbərlər
Xəbər Lenti