“Dövlət 2,5 milyon verir, bəs mən futbola nə verirəm?” - Rəhbər şəxslə MÜSAHİBƏ

19:00 Müsahibə 182
“Dövlət 2,5 milyon verir, bəs mən futbola nə verirəm?” - Rəhbər şəxslə MÜSAHİBƏ

"Şamaxı"nın idarə heyətinin sədri Elçin Usub Premyer Liqanın 5-ci turunun "Sumqayıt"la matçından (1:1) sonra Sportinfo.az-a müsahibə verib.

- Bugünkü oyunla bağlı düşüncələriniz necədir?

- Bilirdik ki, rəqib komanda keyfiyyətli futbolçularla komplektləşib. Doğma azarkeşləri önündə çıxış edirdilər. Həmişə olduğu kimi, komanda olaraq bizim də əsas keyfiyyətlərimizdən biri rəqibdən asılı olmayarq meydanda döyüşməkdir. Düşünürəm ki, azarkeşlər üçün maraqlı oyun oldu. Nəticəni də ədalətli hesab edirəm.

- "Şamaxı" arxada qalan 5 turda yalnız "Qarabağ"a məğlub olub. Belə uğurlu start gözləyirdinizmi?

- Gözləyirdik demək bir qədər düzgün ifadə olmaz. Amma ümidimiz var idi. Çünki Azər müəllimin iş prinsipi hamıya məlumdur. O, sözünü demiş məşqçilərdəndir. Çox qısa müddət ərzində yaxşı komanda komplektləşdirə bilib.Açığı, bəlkə də gözlədiyimizdən bir qədər də yaxşı nəticə alınıb. Xüsusilə yerli gəncləri Azərbaycan futboluna qazandırılmaq və onların inkişafına klub olaraq yardım etmək istəyirik. Azər müəllim də bizim arzuladığımız istiqamətdə komanda qura bilib.

- Səmimi olsaq, Ayxan Abbasovun komandadan ayrılmasından sonra gələcəklə bağlı narahatlığınız var idi?

- Təbii ki, narahatlıq var idi. Ayxan müəllim hazırda millimizin baş məşqçisidir. O, bizdə çalışdığı iki il ərzində çox yaxşı nəticələrə nail ola bilmişdi. Təbii ki, belə bir məşqçinin ayrılmasından sonra müəyyən narahatlıq var idi. Amma belə görünür ki, Azər müəllim həmin narahatlıqların ən azı bu günə qədər əsassız olduğunu sübut edib.

- Yaxşı nəticələrdən sonra hədəfdə dəyişiklik var?

- Təbii ki, əsas hədəf ən azı liqada qalmaqdı. Amma bu idmandır, ümidimizi də üzməməliyik. Addım-addım irəli getməyə cəhd edirik. Klub olaraq bunu istəyirik və imkanımız daxilində bunun üçün çalışırıq. Amma ən böyük məsələlərdən biri rayonun futbol regionu olmamasıdır. Rayon rəhbərliyi başda olmaqla yerli hakimiyyət orqanların arxamızda olması müsbət haldır. Amma sahibkarların, yerli biznesmenlərin lazımi dəstəyi göstərməməsi təəssüf ki, hələ də öz sözünü deyir. Futbol puldu da (gülür). Klub olaraq imkanlarımız bəllidir. Kənardan necə göründüyünü deyə bilmərəm, ancaq biz pulsuzluq şəraitində maksimumu etməyə çalışırıq. Amma maşının getməsi üçün benzin lazım olduğu kimi, burada da pul lazımdır. Bu, təbii məsələdir.

- Elçin müəllim, Ayxan Abbasovun dövründə daha çox onun adı çəkilirdi. Komanda sabitliyini bu gün də qoruya bilib. Sıfırdan yığılmış komanda yaxşı futbol oynayır. Təvazökarlığı bir kənara qoysaq, bunu həm də rəhbərliyin əməyinin göstəricisi hesab etmək olar?

- Bizim qiymət verməyimiz doğru olmaz. Buna futbol ictimaiyyəti qiymət verməlidir. Biz əlimizdən gələni edirik ki, komanda pulsuzluq şəraitində, sponsoru olmadan belə meydana çıxanda yalnız meydanı düşünsün. Bu, çox böyük əziyyətlər hesabına başa gəlir. Həqiqətən böyük fədakarlıq tələb edir. Məşqçi və futbolçu heyəti meydana çıxanda yalnız topu, oyunu düşünməlidir. Onlar başqa məsələləri düşünməməlidirlər. Komanda daxilində intriqalar və digər problemlər istər ölkə futbolunda, istərsə də beynəlxalq təcrübədə nəticəyə ciddi təsir edir. İmkanlı və böyük büdcəli komandalarda belə daxili ab-havanın sağlam olmaması nəticəsində uzun müddət yaxşı nəticələr əldə etmək mümkün olmur. Biz rəhbərlik olaraq ən azı buna çalışırıq ki, hər kəs öz işi ilə məşğul olsun. Rəhbərliyin işi odur ki, komanda meydana çıxanda və oynamağa hazırlaşanda başqa heç nəyi düşünməsin. Yenə deyirəm, bütün bunlar böyük fədakarlıq hesabına baş verir. Bu, bizim kollektivin böyük əziyyətinin nəticəsidir. Burada ilk növbədə idman heyətimizə minnətdarlığımı bildirirəm. Başqa komandalarda, məsələn, beş nəfərin gördüyü işi bizdə bir nəfər görür. Bunu idman jurnalistləri də bilirlər, vəziyyətdən xəbərləri var. Fürsətdən istifadə edib inzibati heyətimizə, idman direktoru Kamran İsmayılov başda olmaqla, Yusif Hüseynov və adını çəkmədiyim digər əməkdaşlara minnətdarlığımı bildirirəm. Çalışırıq bir ailə ab-havası yaradaq və bunu yaratmışıq. Bura kənardan gələn istər Ayxan müəllim, istərsə də Azər müəllim bu korporativ mədəniyyəti görürlər və çalışırlar ki, həmin mədəniyyətə uyğun olaraq komandanı inkişaf etdirsinlər. Hər gələn məşqçi də öz yanaşmasını ortaya qoyur və biz böyüyürük. Ümid edirəm ki, böyüyürük (gülür).

- “Sabah" Çempionlar Liqasında uğurla çıxış edir. Ən son “Mançester Yunayted” səfərində meydanın ən yaxşılarından birinin Rəhman olması diqqətimi çəkdi. Rəhman təsnifat mərhələsindəki 8 görüşü də meydanda olub. Niyəsə onun inkişafını görəndə gözümün önündən “Şamaxı”da keçirdiyi dövr keçir. Rəhmanın bu çıxışı sizi də bir qədər yaxın keçmişə səyahət etdirdimi?

- İlk öncə "Sabah" klubunu böyük uğur münasibəti ilə təbrik edirəm. Təbii ki, Rəhmanın uğurlu çıxışı bizi sevindirir. Bəzi klubların nəyə xidmət göstərdiyi tam məlum deyil. Amma bizim bir viziyonumuz var. O viziyon bizim saytımızda da yazılıb. Biz də çalışırıq ki, həmin viziyona və missiyalarımıza uyğun olaraq müəyyən işlər görək. Rəhmanın "Şamaxı"dakı ilk mövsümündə stabil şəkildə 33 oyun keçirməsi və ona şans tanınması olmasaydı, bəlkə də bugünkü Rəhman olmazdı. Biz onun uğurlarına sevinirik.

- Rəhmanı xüsusi xatırlatmağım səbəbsiz deyil. Həmin dönəmdə futbol ictimaiyyəti Sizə irad tuturdu ki, yalnız yerli futbolçularla oynayırsınız. Sərt tənqidlər vardı. Düzdü, komanda liqadan düşdü, amma Azərbaycan futboluna çox futbolçu bəxş etdi. Rəhmandan başqaları da var. Bu baxımdan indi geriyə dönüb baxanda, rəhbərlik olaraq nə düşünürsüz?

- Bilirsiniz, biz hamımız vahid bir ekosistemin ünsürləriyik. Həmin ekosistemin tərkib hissəsi olaraq hər birimiz düşünməliyik ki, futbola yatırılan dövlət vəsaitinin mahiyyəti nədir. Dövlət hər bir kluba 2,5 milyon manat vəsait verir. Bu pulun haradan gəldiyini də düşünmək lazımdır. Biz müharibəni udmuş dövlətik, Qarabağda yenidənqurma işləri gedir, başqa sahələrdə çoxsaylı həllini gözləyən problemlərimiz var. Dövlət pensiya təminatına daha çox vəsait ayıra bilər, məsələn, müəllimlərin maaşını daha da artıra bilər və sosial yönümlü başqa sahələrə daha çox yatırım edə bilər. Amma dövlət futbola da önəm verir və müəyyən məbləğdə vəsaiti ortaya qoyur. Bu ekosistemin üzvləri oturub düşünməlidirlər ki, mənim burada rolum nədir? Mən vətənimə, torpağıma, futboluma nə verə bilərəm. Ümid edirəm ki, futbol ictimaiyyəti ən azından bizim klubun bunun fərqinə varmasını görür.

- Elə sonuncu sualımı da bunun üzərinə gətirəcəyəm. Dövlət dotasiyasının mahiyyəti Azərbaycan futboluna və Azərbaycan futbolçusuna xidmət etməkdir. “Şamaxı” bəlkə də bu dotasiyanın mahiyyətini ən doğru icra edən klublardan biridir.

- Dəyər verdiyiniz üçün təşəkkür edirəm.

- Bu faktlarla öz təsdiqini tapır. Son illər ən çox gənclərə şans verən, onları üzə çıxaran "Şamaxı"dı. Rəhman Daşdəmirovdan başqa Edgar Ədilxanov, Oruc Məmmədov, Rüfət Abbasov və.s adlarla siyahını uzada bilərik...

- Rüfət Abbasov bilirsiniz də haradan gəlmişdi...

- Bəli, yaxşı xatırlayıram. “Neftçi"nin əvəzedici komandasından.

- Bəli.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti