“İstədiyimiz başlanğıc olmadı, amma ilk dəfə Çempionlar Liqasında oynamaq, Avropa futbolunun ən böyük səhnəsində və Avropanın ən yaxşı komandalarına qarşı mübarizə aparmaq imkanı əldə etmək həqiqətən də sözlə ifadə olunmaz hisdir”.
Bu sözlər “Sabah”ın əsas simalarından biri olan Coy-Lens Mikelsə məxsusdur.
Ötən mövsüm komandasının Azərbaycan çempionu olmasında, kuboku qazanmasında və təbii ki, Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlməsində müstəsna pay sahiblərindən olan 32 yaşlı futbolçu “instagram” hesabında təsirli paylaşım edib.
Özünü göyün yeddinci qatında hiss edən Mikels “Mançester Yunayted” azarkeşi olduğunu açıq şəkildə etiraf edərək bu yerlərə gəlib çıxmasına görə ailəsinə təşəkkür edib:
“Bilirik ki, daha yaxşı çıxış edə bilərik. Səhvlərimizdən nəticə çıxaracaq, çox çalışmağa davam edəcək və daha güclü qayıdacağıq.
Liqa mərhələsinin ilk matçını “Old Trafford”da keçirməyim bu anı “Mançester Yunayted” azarkeşi kimi mənim üçün daha da xüsusi edir. Heç vaxt unutmayacağım bir gecə və bir an.
Bu yolda yanımda olan, hər zaman mənə dəstək verən və mənə inanan ailəmə böyük təşəkkür edirəm. Siz olmasaydınız, bunların heç biri mümkün olmazdı.
“Sınaqlar qarşısında səbir göstərən insan çox xoşbəxtdir. Çünki sınaqdan keçdikdən sonra o, həyat hədiyyəsini alacaq.
Bu yol üçün minnətdaram”.
Coy-Lens cari mövsümdə Çempionlar Liqasında meydana çıxdığı 9 matçda 4 qol vurub, 1 məhsuldar ötürmə verib.
Premyer Liqada isə 3 oyunda rəqib qapıçıları 4 dəfə məyus edib.
HƏBİB / SPORTİNFO.AZ
