Ye, tala, yat, ol “yaxşı oğlan”!

16:40 Milli komanda 116
Ye, tala, yat, ol “yaxşı oğlan”!

Ayxan Abbasov milli üzvü Mahir Emrelini iş başında görmək üçün növbəti dəfə Polşaya uçub.

Və bu uçuş xəbəri oxuyan izləyici-azarkeşlərin narazılığına səbəb olub.

Ki, yığmanın baş məşqçisi niyə hər dəqiqə Avropaya yollanır? Mahirin milliyə çağrılması labüd olduğu halda, onun çıxışına canlı baxmağın nə mənası var? Abbasov niyə Azərbaycanda oturmur? Və sair və ilaxır.

Deməli, yığmanın baş məşqçisi Berti Foqts, Robert Prosineçki, Canni de Byazi, Nikola Yurçeviç olanda içi biz jurnalistlər qarışıq daş atıb başımızı tuturduq ki, milliyə cavabdehlik daşıyanlar niyə kabinetdən çıxmırlar? Niyə milli üzvlərinin oyunlarını izləmək üçün stadionlara baş çəkmirlər?

Ayxan Abbasov Azərbaycan seçməsinin “sükanı” arxasına keçən gündən dayanmır. Polşa bilmir, Türkiyə bilmir, Qəbələ, Gəncə, canına əziyyət verib vaxtını səfərlərdə keçirir. Bunu özü üçün yox, millinin inkişafı və gələcəyi naminə edir.

Guya onun üçün Türkiyəyə, yaxud Polşaya getmək problemdir? Sağlığına qismət, 5-10 manatını qazanır, istədiyi vaxt istədiyi yerə rahat şəkildə uçub dincələ bilər. Gəzməyə qalsa, futbolçu vaxtı da gəzmədiyi ölkə qalmayıb.

Millinin baş məşqçisinin Polşaya gedib-qayıtmağa uzaqbaşı 2-3 min manat edir. Bu məbləğ vaxtilə Foqts, Prosineçki, De Byazi üçün az qala bir günün maaşı olub. Milli üzvlərinə adi heç-heçəyə görə Abbasov üçün xərclənən 2-3 minin 20 qatı paylanıb.

Nə etsin? Gedib otursun Buzovnadakı bağında, özünü günəşə versin? Yoxsa bəzi məşqçilər kimi çay evlərində qəlyan tüstülədə-tüsdülədə millinin gələcək planlarını cızsın?

Bu adamın işi bir neçə gündən sonra sərəncamında olacaq futbolçuları iş başında görmək, baş məşqçiləri ilə söhbət etmək, oyun ərzindəki göstəricilərini əldə etməkdir. Bunun üçün evdən çıxması, ora-bura uçması mütləqdir.

Kabinetdə oturmaqla baş məşqçilik etmək məqbuldursa, zamanında Foqtsu, Prosineçkini, De Byazini niyə qınayırdınız?

Ayxan Abbasov da onlar kimi davransa, qədir-qiyməti bilinər yəqin.

Ümumiyyətlə, tək futbolda yox, hər bir sahədə zəhmət çəkən adama “sağ ol” deyən olmur. Gərək talayasan, yatasan, gözdən uzaqda dayanıb sakit-sakit yeyəsən. Onda olursan “yaxşı oğlan”.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti