Bu həftə Azərbaycan futbolunun ən prinsipial qarşılaşmalarından biri baş tutacaq.
Premyer Liqanın 8-ci turu çərçivəsində “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda əzəli rəqibi “Neftçi”ni qəbul edəcək.
Həftələrdir gözlənilən Azərbaycan derbisində diqqətlər yalnız yaşıl meydanda deyil, tribunalarda da olacaq.
Bu iki komandanın qarşılaşmaları hər zaman gərgin mübarizə, azarkeş dəstəyi və rəqib tərəfdarlar;n şüar atışmaları ilə yadda qalır. Bəzən tribunalardan qarşılıqlı atmacalardan başqa kəskin ifadələr də səslənir.
Bir qrup “Qarabağ” azarkeşi qarşıdakı derbi üçün “Neftçi”yə sürpriz hazırlayır. Sürprizin nədən ibarət olduğu hələlik bəlli deyil.
Redaksiyamıza daxil olan məlumata görə, bir qrup ağdamlı fanat 16-cı sektorda “ağ-qaralar”a təzyiq göstərmək məqsədilə xüsusi şüar və ya pankartdan istifadə etməyi planlaşdırır.
Bu təşəbbüs Azərbaycan derbisinin tribunalardakı rəqabətini daha da maraqlı edə bilər.
Görünən odur ki, oktyabrın 17-də təkcə meydandakı futbolçular deyil, tribunalardakı azarkeşlər də öz addımları ilə diqqət mərkəzində olacaqlar.
Əsas məsələ isə rəqabətin idman çərçivəsini aşmaması, həm meydanda, həm də tribunalarda futbolun ruhuna uyğun atmosferin hökm sürməsidir.
Oktyabrın 17-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək oyun saat 19:00-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ
