“Neftçi”nin baş məşqçisi həm razı, həm də narazıdır - NƏDƏN?

13:00 Neftçi 152
“Neftçi”nin baş məşqçisi həm razı, həm də narazıdır - NƏDƏN?

«Neftçi»nin baş məşqçisi Yuri Vernidub Premyer Liqanın 7-ci turu çərçivəsində «Sabah»la keçirilən matçda (0:0) sərgilənən oyundan razı, nəticədən narazı qalıb.

O, bu barədə komanda üzvləri ilə söhbətində bildirib.

Ukraynalı çalışdırıcı son çempionla qarşılaşmanın çətin, amma onların üstünlüyü şəraitində keçdiyini deyib.

Xatırladıb ki, ötən mövsümün ikinci yarısından bu yana heç bir kollektiv «Sabah»la belə mübarizə aparmayıb və qələbəyə yaxın olmayıb.

60 yaşlı mütəxəssis bəxtlərinin gətirmədiyini, o üzdən üç-dörd real vəziyyətini qaçırdıqlarını qeyd edib. Eyni zamanda vurğulayıb ki, başçılıq etdiyi komandanın potensialı çox yüksəkdir və bundan da yaxşı oynamağa, çempionluq uğrunda döyüşməyə qadirdir.

Vernidub inanır ki, «Neftçi» bir müddət sonra optimal forma yığacaq və turnir cədvəlinin zirvəsindəki yerini bir qədər də möhkəmləndirəcək.

Baş məşqçi futbolçularından hər məşqə əvvəlkindən də çox məsuliyyətli yanaşmasını istəyib, diqqətə çatdırıb ki, onları qarşıdakı turlarda bir-birindən çətin sınaqlar gözləyir.

Bu nəticədən sonra «Neftçi» 16 xalla turnir cədvəlinin lideridir. Yuri Vernidubun çalışdırdığı komanda onlarla eyni xala malik «Sabah» və «Qarabağ»ı daha yaxşı top fərqinə görə qabaqlayır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 17:20 Bizdə “Barselona” var?