Premyer Liqanın 8-ci turunun mərkəzi qarşılaşması Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Günlərdir, həftələrdir gözlənilən “Qarabağ” – “Neftçi” dueli nəhayət, baş tutacaq.
“Qarabağ” və “Neftçi” deyəndə Azərbaycan futbolu tarixinin iki köklü klubu, əbədi və əzəli rəqiblər, illərin sınağından çıxmış prinsipial qarşıdurma yada düşür.
Düzdür, son illərdə “Neftçi”nin çempionluq mübarizəsindən uzaq düşməsi və liderlik uğrunda mübarizədə mövqeyini “Sabah”a verməsi turnir cədvəli baxımından bu duelin intriqasını müəyyən qədər azaldıb. Ancaq komandalar və azarkeşlər arasındakı rəqabət əvvəlki çəkisini qoruyur.
Bu dəfə isə vəziyyət əvvəlki mövsümlərlə müqayisədə xeyli fərqlidir. Ötən illərdə “Qarabağ” heyətinə, oyununa və nəticələrinə görə rəqiblərindən aşkar üstün görünürdüsə, son bir ildə mənzərə dəyişib.
Ağdam təmsilçisi ötən mövsüm həm Azərbaycan Premyer Liqasının, həm də ölkə kubokunun qalibi ola bilmədi.
Üstəlik, “Qarabağ” bu mövsüm avrokubokların əsas mərhələsinə yüksələ bilmədi. Komanda ciddi heyət dəyişikliklərinə məruz qaldı, aparıcı futbolçuların əksəri düşərgəni tərk etdi.
Yeni oyunçuların kollektivə uyğunlaşması, əvvəlki oyun mexanizminin bərpası isə müəyyən vaxt tələb edir. Bu üzdən Qurban Qurbanovun komandasının oyununda əvvəlki mövsümlərlə müqayisədə müəyyən axsamalar müşahidə olunur.
“Neftçi”də isə vəziyyət fərqlidir. Paytaxt təmsilçisi heyətini kifayət qədər gücləndirib və çempionata iddialı start verib. Düzdür, 7 oyunda “Zirə”yə uduzub,
“Sabah”la heç-heçə etməklə əsas rəqibləri ilə qarşılaşmalarda hələ qələbə qazana bilməyib. Buna baxmayaraq, 16 xalla turnir cədvəlinə başçılıq edir. “Sabah” və “Qarabağ”ın bir oyun az keçirməsi də cədvəldəki duruma təsir edir.
Bununla belə, “Sabah”la son qarşılaşma “Neftçi”nin oyununda irəliləyişin olduğunu göstərdi. Futbolçular arasındakı anlaşma yaxşılaşır, komanda meydanda daha sakit və istəkli və çempionluq iddiasını konkret oyunla göstərməyə çalışır.
“Sabah” kimi güclü rəqibə qarşı nümayiş etdirilən futbol “Neftçi”nin “Qarabağ”la duelə də yüksək əhval-ruhiyyədə çıxacağından xəbər verir.
Hazırkı “Sabah”ın oyun baxımından “Qarabağ”la müqayisədə daha dinamik, daha hazırlıqlı təsir bağışladığını nəzərə alsaq, “Neftçi”nin son turda son çempiona qarşı göstərdiyi performans ümidləri artırır.
Bu baxımdan Yuri Vernidubun komandasının “Qarabağ”la qarşılaşmada qələbə qazanacağını gözləmək üçün müəyyən əsaslar var.
Yeri gəlmişkən, “Neftçi”nin “Qarabağ” üzərində 5 ilə yaxın davam edən qələbəsizlik sindromu ötən mövsümün ikinci dövrəsində qırılmışdı.
Paytaxt klubu prinsipial rəqibini məğlub etməklə uzun sürən uğursuz seriyaya son qoymuşdu. İndi isə hədəf həmin uğuru təkrarlamaqla növbəti qələbə ilə çempionluq iddiasını sübut etməkdir.
Təbii ki, “Qarabağ” da eyni məqsədlə meydana çıxacaq. Qurban Qurbanovun komandası üçün bu qarşılaşma təkcə 3 xal uğrunda mübarizə deyil.
Qələbə həm futbolçuların özünəinamını bərpa etmək, həm də son dövrlərdə komanda haqqındakı mənfi fikirləri dəyişmək üçün baxımından yaxşı fürsətdir.
Bir tərəfdə Yuri Vernidubun rəhbərlik etdiyi, heyətini gücləndirərək yeni iddia ortaya qoyan “Neftçi”, digər tərəfdə isə Qurban Qurbanovun illərin təcrübəsinə söykənən “Qarabağ”ı olacaq. Prinsipial rəqabət, komandaların fərqli vəziyyəti və turnir cədvəlindəki iddialar bu oyunun intriqasını daha da artırır.
Qalib gələn tərəf çempionluq yolunda mühüm psixoloji üstünlük əldə edəcək. Məğlubiyyət isə komandanın qarşısında əlavə suallar yaradacaq.
Oktyabrın 17-də keçiriləcək qarşılaşma saat 19:00-da start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ
