Bu gün Premyer Liqanın 7-ci turunun mərkəzi qarşılaşması baş tutacaq.
Çempionluğa iddialı “Neftçi” öz meydanında son çempion “Sabah”ı qəbul edəcək.
Mövsümə uğurlu start verən “Neftçi”nin 6 oyundan 15 xal toplaması və digər rəqiblərindən çox - 18 qol vuraraq turnir cədvəlinin zirvəsində qərarlaşması azarkeşlər arasında böyük ümid yaradıb.
Heyətin gücləndirilməsi də paytaxt təmsilçisinin çempionluq iddialarını artırıb.
Bu baxımdan, son çempionla bugünkü görüş “Neftçi” üçün xüsusi əhəmiyyət daşıyır.
“Palms Sports Arena”da keçiriləcək qarşılaşmada “Neftçi” azarkeşlərinin komandaya ciddi dəstək verəcəyi gözlənilir. Bu mənada “Forza Neftçi” azarkeş qrupunun fəallığı diqqət çəkir.
Əldə etdiyimiz məlumata görə, qrupun fəal üzvləri sosial şəbəkələr və şəxsi əlaqələr vasitəsilə azarkeşləri oyuna cəlb etməyə çalışırlar.
Gözləntilərə əsasən, bu gün “Forza Neftçi” tribunasında ən azı 500 tərəfdar yer alacaq. Sayın daha çox olacağı istisna deyil.
“Neftçi” – “Sabah” qarşılaşması saat 19:30-da başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ
