Uşaq futbolu Azərbaycan futbolunun gələcəyidir.
Sportinfo.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev aşağı yaş qrupları ilə əlaqədar yeni match.affa.az saytının və @AFFA.istedadlar sosial media layihəsi haqda deyib.
O, layihə haqqında fikirlərini bölüşüb:
"Ölkəmizdə uşaq və yeniyetmə futbolunun inkişafı üçün mühüm addımlar atılır. Xüsusilə U-15 dünya çempionatı və bununla bağlı inşa edilən 10 min nəfərlik yeni yarış və məşq mərkəzi gələcəkdə uşaq futbolunun istifadəsinə veriləcək. Mərkəzdə son quruculuq işləri aparılır və arena ən müasir standartlara cavab verir".
Baş katib "Eyeball" layihəsinin əhəmiyyətini vurğulayıb:
"Layihə çərçivəsində 2000 istedadlı uşaq aşkar olunub. Toplanan analitik məlumatlar futbolçuların fərdi inkişaf planlarının hazırlanmasında məşqçilərə böyük kömək edir. Bu təşəbbüs UEFA tərəfindən də yüksək qiymətləndirilib və bir çox yerli klublar artıq bu sistemdən yararlanır".
C.Fərəcullayev təqdim edilən yeni rəqəmsal platformaların uşaqların motivasiyasına müsbət təsir göstərəcəyini vurğulayıb:
"Yeni saytlar və sosial media resursları uşaq futboluna marağı artırmaq məqsədi daşıyır. Özlərini bu platformalarda görən uşaqların gələcəkdə böyük futbolçu olmaq istəyi daha da güclənir. Həmçinin bərpa edilən "Məktəbli Kuboku" turniri də böyük rəğbətlə qarşılanıb. Növbəti ildən bu yarışın formatını dəyişərək beynəlxalq turnir səviyyəsinə qaldırmağı planlaşdırırıq".
AFFA rəsmisi uşaq futbolunun əsas hədəf olduğunu vurğulayıb:
"Bütün bu fəaliyyət uşaqların gələcəkdə milli komandanın şərəfini layiqincə qoruması üçün nəzərdə tutulub. Uşaq futbolu Azərbaycan futbolunun gələcəyidir. Əminəm ki, hazırda 14, 15, 16 yaşında olan futbolçular gələcəkdə güclü milli komandanı formalaşdıracaqlar".
