Elvin Bədəlov: “Öz meydanımızda heç-heçə bizim üçün uğur sayıla bilməz”
Premyer Liqanın 7-ci turunun prinsipial qarşılaşması paytaxtda baş tutacaq. “Neftçi” öz meydanında son çempion “Sabah”ı qəbul edəcək.
Çempionluğa iddialı iki komandanın qarşılaşması böyük maraq doğurur. Turnir cədvəlində eyni xala malik (15) kollektivlərin dueli həm də zirvə uğrunda mübarizə baxımından xüsusi əhəmiyyət daşıyır.
Paytaxt derbisindən əvvəl “Neftçi”nin müdafiəçisi Elvin Bədəlov Sportinfo.az-a açıqlama verib.
Azərbaycan millisinin də şərəfini qoruyan müdafiəçi rəqibin gücünü yüksək qiymətləndirərək əsas hədəfinin qələbə olduğunu vurğulayıb.
“Sabah” hazırda çox yaxşı formadadır. İstər fiziki, istər psixoloji, istərsə də taktiki baxımdan hazır görünürlər.
Milli komandaların oyunları ilə bağlı yaranmış üç həftəlik fasilədən sonra, yəqin ki, bizimlə oyuna əsas heyətlə çıxacaqlar. Çünki qarşıda onları “Slaviya” (Praqa) ilə vacib matç gözləyir.
Oyuna gəlincə, əlimizdən gələnin ən yaxşısını edəcəyik. Öz meydanımızda heç-heçə bizim üçün uğur sayıla bilməz.
Niyyətimiz, məqsədimiz nə olursa olsun, qələbə qazanmaqdır. Qələbə və ancaq qələbə! Oyuna yalnız bu düşüncə ilə çıxacağıq”.
“Neftçi” – “Sabah” qarşılaşması oktyabrın 9-da “Palms Sports Arena”da keçiriləcək. Görüş saat 19:30-da başlayacaq.
HƏBİB
