Azərbaycanın basketbol komandalarının avrokuboklarda qələbələri səbirsizliklə gözlənilir.
Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Basketbol Federasiyasının (ABF) Məşqçilər Departamentinin direktoru Tahir Baxşıyev deyib.
Mütəxəssis cari mövsüm Avropa arenasında "Sabah", "LANDAU Lions", "Neftçi" və "Gəncə" kollektivlərinin çıxışına toxunub:
"Hamımız bu məsələdə səbirsizlənirik. İstəyirik ki, basketbol komandalarımız Avropada tez qələbə qazansınlar.
Lakin nəzərə almaq lazımdır ki, biz avrokuboklarda yeni sayılırıq. Basketbolda belə bir termin var: oyunun üçüncü periodunda qalib gələn tərəf qarşılaşmada qələbə qazanır.
Gördüyünüz kimi 3 klubumuz üçüncü periodu məğlub başa vurdu. Təkcə "Gəncə" istisna olmaqla. "Gəncə"nin son onlarda gücü çatmadı.
Bütün bunların da yeganə səbəbi təcrübədir. Düşünürəm ki, komandalarımız fiziki cəhətdən öz üzərilərində işləsələr, bu cür problemlər azalar. Çünki bütün görüşlərdə sonuncu periodlar hər zaman çətin olur".
O, gələcəkdə Azərbaycan klublarının avrokuboklarda uğurlu çıxış edəcəyinə inandığını vurğulayıb.
"Sabah" FIBA Çempionlar Liqasının müntəzəm mövsümünün II turunda "Trabzonspor"a (Türkiyə) 83:100 hesabı ilə uduzub.
FIBA Avropa Kubokunda isə "LANDAU Lions" Slovakiyanın "Prievidza" klubuna 84:108, "Neftçi" Latviyanın VEF kollektivinə 94:110, "Gəncə" isə Yunanıstan təmsilçisi "Kolossos"a 62:80 hesabı ilə məğlub olub.
