"Mənfi cəhət görmürəm, Azərbaycan çempionatında oynamağı çox sevirəm” - MÜSAHİBƏ

22:55 Müsahibə 80
"Mənfi cəhət görmürəm, Azərbaycan çempionatında oynamağı çox sevirəm” - MÜSAHİBƏ

"İmişli"nin portuqaliyalı müdafiəçisi Rafael Vieqaş Premyer Liqanın 11-ci turunda "Sumqayıt"la qolsuz bərabərliklə bitən oyundan sonra Sportinfo.az-a müsahibə verib.

- “Sumqayıt”la oyunda qələbə qazanmaq üçün komandaya nə çatmadı?

- Çox çətin oyun oldu. “Sumqayıt” çox keyfiyyətli komandadır. Amma mənim fikrimcə, biz də çox yaxşı oynadıq. İndi bu oyunu unudub artıq “Zirə” ilə qarşılaşmaya hazırlaşmağa başlamalıyıq. Əsas məqsədimiz olan 3 xalı qazanmaq üçün əlimizdən gələni etməliyik. Hər oyunda əsas hədəfimiz budur.

- Ardıcıl üç qələbədən sonra “Kəpəz”ə məğlub oldunuz, “Sumqayıt”la isə heç-heçə etdiniz. Qələbələr seriyasını davam etdirmək niyə mümkün olmadı?

- Qeyd etdiyim kimi, hər iki oyunda çox yaxşı çıxış etdik. “Kəpəz”lə matçda komanda olaraq yaxşı oynadıq və Azərin vurduğu qolla hesabda önə keçdik. Əgər həmin qol ləğv edilməsəydi, oyunun gedişatı tamamilə fərqli olardı. “Sumqayıt”la qarşılaşma da yaxşı keçdi. Çoxsaylı qol imkanlarımız oldu, amma onları qola çevirə bilmədik.

- Çempionatın ilk dövrəsini 8-ci pillədə başa vurdunuz. Bu nəticədən razısan?

- Biz heç vaxt nəticələrimizdən tam razı qalmayacağıq. Çünki məqsədimiz bu deyil. Əsas hədəfimiz hər oyunda xal qazanmaqdır. Hər zaman daha artığını istəyirik. Komanda olaraq daim daha yaxşısına can atırıq. Təvazökarlığı, əzmkarlığı və fədakarlığı qoruyaraq hər gün çalışmağa davam edəcəyik. Beləliklə, həm fərdi, həm də kollektiv olaraq inkişaf etmək və turnir cədvəlində yüksəlmək istəyirik. Məqsədimiz budur.

- Yay fasiləsində komandadan ayrılmışdın, lakin mövsüm davam edərkən yenidən geri qayıtdın. Bu vəziyyətin səbəbi nə idi?

- Ən vacibi odur ki, artıq geri qayıtmışam. Yenidən burada olduğum üçün çox xoşbəxtəm və mənə bu fürsəti yaratdığına görə “İmişli”yə təşəkkür edirəm.

- Bu, Azərbaycanda ikinci mövsümündür. Azərbaycan futbolunun hansı müsbət və mənfi cəhətlərini xüsusi qeyd edərdin?

- Azərbaycan çempionatında oynamağı çox sevirəm. Bu, kifayət qədər rəqabətli liqadır və hər il daha da inkişaf edir. Mənfi cəhət görmürəm.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti