Azərbaycan millisi Lixtenşteyn üzərində 1:0 hesablı səfər qələbəsindən sonra “Reynpark”da xatirə şəkli çəkdirib.
Fotoya diqqətlə baxanda bir fakt xüsusi diqqət çəkir.
Matçın iştirak ərizəsinə daxil edilən 22 futbolçudan cəmi 19-u kollektiv şəkildə çəkilən fotoda yer alıb.
Ehtiyatda qalan üç futbolçu – Musa Qurbanlı, Elvin Bədəlov və Emil Süleymanov isə kadrda görünmür.
Bu üçlüyün bilərəkdən, yoxsa bilməyərəkdən fotoya düşmədiyini söyləmək çətindir. Bəlkə də özlərini qəhrəman kimi təqdim edən Lixtenşteyn üzərindəki qələbəni bu şəkildə bayram edən komanda yoldaşlarının yanında dayanmağı özlərinə rəva bilməyiblər.
Bəlkə də şəkil çəkilən anda başqa yerdə olublar. Hətta ola bilər ki, təbii ehtiyaclarını qarşılamaq üçün kollektivdən aralı düşüblər.
Hər halda, səbəb nə olursa-olsun, Musa, Elvin və Emil bu fotoda yoxdur. Bununla da gələcəkdə həmin şəkilə baxıb bu cür təmtəraqlı sevincə görə tənqid olunmaqdan xilas olublar.
İnanmaq istərdim ki, Lixtenşteyn üzərində minimal hesablı qələbənin bu şəkildə bayram edilməsini absurd və qəbuledilməz sayan futbolçular da var.
Bəlkə də Musa, Elvin və Emil məhz həmin düşüncənin daşıyıcılarıdır.
Ən azı, bu fotoda olmamaları belə bir ehtimalı ortaya çıxarır.
Yığma komandanın əsl qəhrəmanları da məhz onlardır.
HƏBİB / SPORTİNFO.AZ
