"Neftçi"də ümidləri puç edən səs-küylü TRANSFERİ TANIYIN

21:15 Neftçi 138
"Neftçi"də ümidləri puç edən səs-küylü TRANSFERİ TANIYIN

Azərbaycan futboluna səs-küylə gətirilən legionerlər heç də hər zaman ümidləri doğrultmayıb.

Zaman-zaman onların əksəriyyətinin ölkəmizdə qaldığı müddətdə Premyer Liqamızda öz varlığını ortaya qoya bilmədiyini görmüşük.

Belə futbolçulardan biri də Mustafa Sekdir.

Müdafiəçi ölkəmizə gələndə böyük ajiotaj yaranmışdı.

Bu da səbəbsiz deyildi. Arxa xətt oyunçusu futbola aid sirlərini “Barselona”da öyrənib.

Ardınca İtaliyada “Roma”, “Empoli” kimi klublarda çıxış edib.

Ölkəmizə gələndə o qədər də böyük yaşı yox idi.

Cəmi 27 yaşında “Neftçi”yə transfer olunmuşdu.

Həm karyerasının keçmişi, həm də yaşı inam yaradırdı ki, “Neftçi”də adından söz etdirəcək.

Elə buna görə də onunla üçillik müqavilə imzalanmışdı.

Artıq iki mövsüm arxada qalıb, üçüncü mövsümün isə yarısı geridədir.

Bu müddətdə Mustafa Sek üç baş məşqçinin sərəncamında olub: Roman Qriqorçuk, Samir Abasov və indi də Yuri Vernidub.

Amma heç birinin ümidlərini doğrultmağı bacarmayıb.

Meydana çıxdığı 66 görüşdə cinah müdafiəçisi cəmi iki məhsuldar ötürmə ilə yadda qalıb.

Müqayisə üçün bildirək ki, bu mövsümün əvvəlində kluba transfer edilən gənc futbolçu Rüfət Abbasov arxada qalan 11 oyunda 5 məhsuldar ötürmə və bir qolla yadda qalıb.

İş o həddə çatıb ki, Yuri Vernidub onun adını "qara siyahı"ya salıb.

Gənc Rüfət Abbasova rəqabətdə uduzan futbolçu bu gün “Neftçi”də heç kimə lazım deyil.

Nəinki əsas heyətdəki yerini itirib, hətta 20 yaşlı futbolçu ilə rəqabət aparmaqda belə acizdir.

Vaxtilə böyük ümidlərlə Bakıya gətirilən futbolçunun bu gün komandada özünə yer tapa bilməməsi isə transferin nə qədər uğursuz alındığını göstərir.

Qısası, parlaq keçmiş heç də hər zaman xoş gələcək vəd etmir. Bu da bunun əyani sübutu.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti