Azərbaycan milli komandası Millətlər Liqasında növbəti oyununu keçirib.
Ayxan Abbasovun rəhbərlik etdiyi komanda doğma meydanda Litvanı 1:0 hesabı ilə məğlub edib.
Yığmamızın müdafiəçisi Elvin Bədəlov Sportinfo.az-a açıqlama verib:
"Çox çətin idi. Bu oyuna hazırlaşmaq asan deyildi. Bir tərəfdən rəqibi analiz etməli idik, digər tərəfdən isə mütləq qələbə qazanmalıydıq. Üstəlik, ötən oyundan sonra yaranan təzyiq də var idi.
Dəhşət bir şey idi, çox çətin idi. Bunu sözlərlə necə ifadə edim, bilmirəm.
Amma sağ olsun uşaqlar. Oyundan sonra dediyim kimi, təcrid olunmuşduq, hər şeydən uzaq idik.
Hamımız bir yerə yığışmışdıq, oyundan danışırdıq, nə edə bilərik, nə təklif edə bilərik deyə düşünürdük.
Ona görə düşünürəm ki, hər şey istədiyimiz kimi oldu. Düzdür, bəlkə də hansısa məqamlarda gözəl oynamadıq, amma əsas nəticə idi. Onu da qazandıq.
Yenə də Litva ilə oynadıq. Birinci oyunda da yaxşı oynamışdıq. Bu dəfə isə qələbə qazandıq. Birinci oyunda da əslində qələbə qazana bilərdik. Amma orada verilən penalti yanlış qərar idi. Ondan başqa onların təhlükəli bir epizodu olmamışdı. Özümüz də oyuna baxdıq, analiz etdik. Orada da biz qələbəyə layiq idik.
Ona görə sevinirik ki, belə bir qələbə qazandıq".
"Neftçi"nin üzvü Lixtenşteynlə görüşü unutmağın çətin olduğunu dilə gətirib:
"Hər halda, Lixtenşteyn oyununu unutmaq bir az çətin olacaq. Amma bu qələbə hardasa bizə bir az mənəvi dəstək verdi, gələcək oyunlar üçün moral oldu.
Gələcək oyunlarda, xüsusilə Lixtenşteynlə qarşılaşmada, qələbə üçün çalışacağıq. Nəinki bir topla, iki-üç topla qələbə qazanaq ki, bu oyunun da əvəzini çıxaq".
XANOĞLAN
