Praqadan Bakıya uzanan uğursuzluq zolağı - “Sabah”ın bundan xəbəri var?

19:40 Sabah 104
Praqadan Bakıya uzanan uğursuzluq zolağı - “Sabah”ın bundan xəbəri var?

Azərbaycan çempionu “Sabah” Çempionlar Liqasında növbəti sınağına hazırlaşır.

“Tələbələr” bu dəfə Çexiya təmsilçisi “Slaviya” ilə üz-üzə gələcək.

Təbii ki, “Mançester Yunayted”, “Barselona”, “Arsenal”, “Borussiya” (Dortmund) və “Napoli” kimi rəqiblərlə müqayisədə Praqa təmsilçisinin adı bir qədər kiçik görünür.

Bu da tam təbii olaraq azərbaycanlı azarkeşlərin qələbə istəyini artırır. Başqa cür desək, digər rəqiblərlə müqayisədə “Slaviya”nı Bakıda məğlub etmək daha real görünür.

Ancaq rəqibi kiçiltmək də olmaz. Çexiya təmsilçisi avrokuboklarda kifayət qədər təcrübəyə malikdir. Tarixi ərzində 9 dəfə ölkə çempionu olan Praqa klubu 7 dəfə də Çexiya kubokunu qazanıb. Üstəlik, çempionluqların ikisi son iki mövsümə təsadüf edib.

Beynəlxalq arenadakı təcrübəyə gəlincə, 1974/75 mövsümündən avrokuboklarda çıxış edən “Slaviya” indiyədək 255 oyun keçirib. Bu görüşlərin 91-də qələbə qazanıb, 66 dəfə heç-heçə edib, 98 matçda isə məğlubiyyətlə üzləşib.

“Slaviya”nın Avropadakı nəticələri xüsusilə son illərdə diqqət çəkir. 2009/10 mövsümündən sonra müəyyən fasilə yaşayan Praqa klubu 2016/17 mövsümündən etibarən avrokuboklarda mütəmadi iştirak etməyə başlayıb.

Çexiyalılar bir neçə dəfə pley-off mərhələlərinə qədər irəliləməyi bacarıb. 2020/21 mövsümündə Avropa Liqasının 1/4 finalına yüksələn komanda bu mərhələdə “Arsenal”a uduzub. 2021/22 mövsümündə isə Konfrans Liqasının eyni mərhələsində “Feyenoord” səddini keçə bilməyib.

2023/24 mövsümündə Avropa Liqasının qrup mərhələsini adlayan Praqa təmsilçisi 1/8 finalda “Milan”la qarşılaşıb və mübarizəni dayandırıb.

Son iki mövsümdə “Slaviya” üçün vəziyyət o qədər də ürəkaçan olmayıb. Komanda 2024/25 mövsümündə Avropa Liqasının liqa mərhələsində mübarizəni dayandırıb, 2025/26 mövsümündə isə Çempionlar Liqasının liqa mərhələsindən irəli gedə bilməyib.

Praqa təmsilçisi son iki mövsümdə Çexiya çempionu olduğundan Çempionlar Liqasının liqa mərhələsinə birbaşa vəsiqə qazanıb. “Sabah”dan fərqli olaraq, bu mərhələyə yüksəlmək üçün dörd təsnifat mərhələsini keçməyə ehtiyac duymayıb.

“Qırmızı-ağlar” cari mövsümün liqa mərhələsində ilk oyununu öz meydanında Fransa “Lans”ına qarşı keçirib və 2:3 hesabı ilə məğlub olub.

Bununla belə, “Sabah”ı və azərbaycanlı azarkeşləri ümidləndirənfakt var - rəqibin səfər oyunlarındakı nəticələri.

Belə ki, paytaxt komandası son 7 səfər qarşılaşmasının 6-da məğlubiyyətlə üzləşib. Bu məğlubiyyətlərin 3-ü böyük hesabla qeydə alınıb. Həmin görüşlərdən yalnız birində heç-heçə qeydə alınıb.

“Slaviya” səfərdə “Atletik Bilbao” (0:1), “Ayntraxt Frankfurt” (0:1), PAOK (0:2), “İnter” (0:3), “Tottenhem” (0:3) və “Pafos”a (1:4) uduzub. “Sabah”ın rəqibi yalnız “Atalanta” ilə səfər görüşündə qolsuz heç-heçə edə bilib.

“Slaviya”nın son səfər qələbəsi 2024-cü ilin sentyabr ayının 25-nə təsadüf edir. Bolqarıstanda “Ludoqorets” üzərində 2:0 hesablı qələbə avrokubokların sonuncu səfər sevinci olub.

Bütün bunlar “Sabah”ın qarşıdakı matçda qələbə şansını artırır. Təbii ki, statistika meydandakı nəticəyə zəmanət vermir. Ancaq rəqibin səfər oyunlarındakı uğursuz seriyası təmsilçimizə əlavə motivasiya verə bilər.

İndi əsas məsələ bu üstünlüyü meydanda nəticəyə çevirməkdir. “Sabah” “Slaviya”nı məğlub etməklə Çempionlar Liqasının liqa mərhələsində ilk tarixi qələbəsini qazana bilər.

Oktyabrın 13-də Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti