Büdcə az, hədəf böyük - Azərbaycanlı məşqçi yenə iş başında

Büdcə az, hədəf böyük - Azərbaycanlı məşqçi yenə iş başında

Deyəsən, məhdud imkanlarla çempionluğa iddialı komanda yaratmaq Ramiz Məmmədovun taleyinə yazılıb.

Təcrübəli mütəxəssis yaxın keçmişdə mövsümün gedişində “Şamaxı”nın başına keçməklə komandaya çempionluq titulu qazandırmışdı.

Ötən mövsüm daha az maliyyə imkanları ilə “Mingəçevir”i iddialı kluba çevirməyi bacardı.

Komanda sona qədər çempionluq uğrunda mübarizə apardı və sonda pley-offda oynamaq hüququ qazandı.

Bu mövsüm də Premyer Liqaya yüksəlmək uğrunda mübarizədə “Səbail”, “Şahdağ” və “Gəncəbasar ” kimi daha iddialı, çempionluğa real şansları olan klublar ön plandadır.

Amma yenə də Ramiz Məmmədovun çalışdırdığı, məhdud imkanlara sahib “Karvan-Yevlax ” öz varlığını və mübarizə əzmini ortaya qoyur.

Son turda Aran təmsilçisi səfərdə çempionatın ən büdcəli komandası “Səbail”lə başabaş mübarizə apardı və bir xal qazandı.

Hətta qələbəyə layiq oyun nümayiş etdirən komandanın üç xal qazanmaq üçün kifayət qədər şansı da var idi.

Məmmədov illərdi Birinci Liqada adından söz etdirir.

Bacarıqlı mütəxəssis olduğunu göstərir.

Təəssüf ki, layiq olduğu dəyəri almır.

Bu gün Premyer Liqanın autsayderləri "Araz-Naxçıvan", "Qəbələ" əcnəbi baş məşqçi axtarışına çıxınca Ramiz Məmmədova üz tuta bilərdi.

Nəinki elitanın autsayderləri, hətta Birinci Liqanın imkanlı klubları da qapısını onun üzünə açmır.

Ya dara düşəndə Məmmədov yada düşür, ya da pul qurtaranda.

XANOĞLAN İMANOV/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 Oktyabr 15:40 "Milan"ın 1 xalı - VİDEO