Bundan sonra Azərbaycan millisinin “qızıl ehtiyatı” olacaq?

10:40 Milli komanda 172
Bundan sonra Azərbaycan millisinin “qızıl ehtiyatı” olacaq?

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində çıxışını yekunlaşdırıb.

10-cu turda Cəbəllütariqin müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşan gənclərimiz 3:0 hesablı qələbəyə sevinib.

Bununla da Avropa çempionatının seçmə mərhələsində qrup oyunları başa çatıb. Azərbaycan 10 xal toplayaraq, B qrupunda 5-ci pillədə qərarlaşıb.

Bu, komandamızın Avropa çempionatının seçmə mərhələləri tarixində ən çox topladığı xaldır.

Belə gənclərə güvənmək lazımdır

Rəşad Eyubovun rəhbərlik etdiyi bu komandanın ən böyük dəyəri yalnız nəticə deyil. Əsas məsələ Azərbaycan futbolunun yeni nəslinə işləmək imkanı verilməsidir.

Azərbaycan futbolunda uzun illər ərzində məşqçi dəyişikliyi çox vaxt nəticəyə görə həyata keçirilib. Halbuki gənc məşqçilərin formalaşması üçün onlara vaxt, məsuliyyət və stabil iş mühiti vermək lazımdır.

Bu baxımdan Elgiz Kərəmli, Emin Mustafayev, Famil Xəlilov, Mahmud Qurbanov, Aleksandr Qross və digər yeni nəsil məşqçilərin inkişafına da diqqət yetirmək vacibdir.

Çünki milli komandaların gələcəyi yalnız futbolçuların yetişdirilməsindən asılı deyil. Məşqçi nəsli də yetişməlidir.

Bu U-21-dən nə gözləmək olar?

10 xal son nöqtə yox, başlanğıc olmalıdır. Bu futbolçuların bir hissəsi artıq peşəkar klublarda oynayır və qarşıdakı illərdə onların əsas milli komandaya keçməsi Azərbaycan futbolunun ən mühüm məsələlərindən biri olacaq.

Hazırki heyət siyahısında da Nihad Əhmədzadə, Ağadadaş Salyanski, Nəriman Axundzadə, Emin Rüstəmov, 2017-ci il nəslindən fərqli olaraq klublarda artıq yeni U-21 qrupunun əsas simaları görünür.

Əgər U-21-də formalaşan futbolçuların inkişafı klub səviyyəsində düzgün davam etdirilərsə, bugünkü rekord sabah A milli üçün real futbolçu resursuna çevrilə bilər.

Burada AFFA, klublar və məşqçilər arasında koordinasiya xüsusilə vacibdir. U-17-dən U-19-a, U-21-dən A milliyə qədər vahid inkişaf xətti qurulmalıdır.

10 xal rekorddur. Amma əsl uğur o zaman olacaq ki, bu 10 xal gələcəkdə Azərbaycan əsas millisinə keyfiyyətli futbolçular qazandırsın.

Azərbaycan futbolunda gənc məşqçilərə və gənc futbolçulara vaxt, məsuliyyət və inkişaf üçün şərait vermək lazımdır.

Rəşad Eyubov və onun komandası artıq tarixə düşən nəticəni əldə edib. İndi isə əsas məsələ həmin nəticəni davamlı inkişafın başlanğıcına çevirməkdir.
Əvvəl 9 xal idi.

İndi 10 xal. Amma bundan sonra məqsəd sadəcə yeni rekord yox - yeni futbolçu nəsli və yeni futbol mədəniyyəti yaratmaq olmalıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Oktyabr 18:10 Çək və bizə göndər!
7 Oktyabr 10:00 Messi də getdi… FOTOLAR