Kurban Berdıyevin mətbuata qarşı bitməyən QƏZƏB!

20:40 Turan 95
Kurban Berdıyevin mətbuata qarşı bitməyən QƏZƏB!

Bu dəfə sözüm "Turan Tovuzun" baş məşqçisi Kurban Berdıyevlə bağlıdır.

Təcrübəli mütəxəssis “Şəfa” ilə oyundan sonra keçirilən mətbuat konfransında Ehtiram Quliyevlə bağlı ünvanlanan suala cavabında “Bu sualı mənə niyə verirsiniz?” deyib.

Sualın mahiyyəti isə bundan ibarət olub: son dövrlər klub prezidentinin komandadan ayrılacağı ilə bağlı müzakirələr aparılır. Bəs bu söhbətlər kollektivə necə təsir edir?

Əslində, kifayət qədər normal, gündəmə uyğun və baş məşqçiyə ünvanlanması tamamilə təbii olan sualdır.

Əgər bir klub prezidentinin gedişi müzakirə olunursa, bu, təbii ki, kollektivə, futbolçulara və ümumilikdə klubda çalışan insanlara müəyyən mənada mənfi təsir göstərə bilər.

Çünki belə söhbətlər istər-istəməz narahatlıq yaradır, gələcəklə bağlı suallar doğurur.

Bu, təkcə futbola aid məsələ deyil.

İstənilən sahədə, idarədə, təşkilatda, məktəbdə və ya başqa bir qurumda rəhbərin gedəcəyi ilə bağlı xəbərlər yayılırsa, həmin kollektivdə müəyyən narahatlığın yaranması təbiidir.

Hələ bu xəbərlər rəsmən təsdiqlənməsə belə, insanlar istər-istəməz gələcəkləri barədə düşünməyə başlayırlar. Futbolçular da bu baxımdan istisna deyil.

Belə bir vəziyyətdə Kurban Berdıyev suala tamamilə normal şəkildə cavab verə bilərdi.

Məsələn, klubun bu məsələni futbolçulardan uzaq tutduğunu, komandanın yalnız meydandakı işinə kökləndiyini söyləyə bilərdi.

Əgər Ehtiram Quliyevə münasibəti müsbətdirsə, onun klub üçün dəyərli olduğunu, rəhbər kimi komandaya lazım gəldiyini və onunla əməkdaşlığın davam etməsini istədiyini də ifadə edə bilərdi.

Yaxud bu məsələni şərh etmək istəmirdisə, iki cümlə ilə mövqeyini bildirər, mövzunun üzərindən keçərdi.

Məsələn, belə söhbətlərin komandaya təsir etmədiyini və futbolçuların diqqətini yalnız qarşıdakı oyunlara yönəltdiyini söyləyə bilərdi.

Yəni Kurban Berdıyev qarşısında kifayət qədər seçim var idi.

Amma bunların heç birini etmədən “Bu sualı mənə niyə verirsiniz?” deməsi, məncə, doğru yanaşma deyil.

Ümumiyyətlə, Kurban Berdiyevin "Turan Tovuz"da fəaliyyətə başladığı gündən mətbuatla kommunikasiyası ciddi müzakirə mövzusudur.

Adama az qala hansı mövzuda sual ünvanlayırsan, cavabında “Bunu mənə niyə verirsiniz?” ifadəsini işlədir.

Ötən oyundan danışmaq olmur, qarşıdakı oyunla bağlı sual vermək olmur.

Ölkə futbolunda baş verən hər hansı hadisə ilə bağlı fikrini öyrənmək istəyirsən, yenə susur.

Halbuki söhbət kifayət qədər təcrübəli, Azərbaycan futbolunu yaxşı tanıyan və fikirləri maraq doğuran bir mütəxəssisdən gedir.

Amma o, mətbuat konfransında bu mövzuların müzakirəsinə isti yanaşmır, fərdi müsahibələrə də həvəs göstərmir.

İndi də klub prezidenti ilə bağlı sual onu narahat edir.

Bu, doğru yanaşma deyil.

Kurban Berdıyev kimi ölkəmizdə çalışan başqa yerli və əcnəbi mütəxəssislər də var.

Onların heç biri ilə bağlı mətbuatla münasibətdə bu cür problemlər davamlı şəkildə gündəmə gəlmir.

Lazım gəldikdə müxtəlif mövzularda sualları cavablandırır, oyunla bağlı fikirlərini bildirir və mətbuat konfransını normal şəkildə başa çatdırırlar.

Mətbuat konfransı yalnız oyunun nəticəsini şərh etmək üçün təşkil olunmur.

Baş məşqçi təmsil etdiyi klubun, çalışdığı kollektivin bir hissəsidir.

Klubda baş verənlər, komandanın gələcəyi və futbol ictimaiyyətini maraqlandıran digər məsələlər barədə sualların ünvanlanması da jurnalistikanın təbii iş prosesidir.

Heç kim baş məşqçidən hər suala ətraflı cavab verməsini tələb etmir. İstəmədiyi suala cavab verməyə də bilər.

Amma sualın özünü qəbuledilməz hesab etmək, jurnalistin niyə belə sual verdiyini sorğulamaq başqa məsələdir.

Mətbuatla sağlam kommunikasiya da peşəkarlığın bir hissəsidir. Kurban Berdıyev kimi təcrübəli mütəxəssisin bunu bacarmaması çox üzücüdür.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti