“Hətta ehtiyat oyunçular skamyasından da görünürdü ki, qarşılaşma necə gərgin keçir”.
Sportinfo.az xəbər verir ki, bunu Litva yığmasının müdafiəçisi Kipras Kajukolovas deyib.
O, UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycanla keçirilən oyun barədə fikirlərini bildirib. Görüşün gərgin keçdiyini və futbolçuların lazımsız mübahisələrə girişdiklərini söyləyib:
“Həqiqətən də çox güc tələb edən oyun oldu. Keyfiyyət az idi, bəlkə də emosional baxımdan uduzduq.
Hakimlərlə mübahisələrə, rəqiblərlə qarşıdurmalara girdik. Daha sakit olmalı, planlaşdırdıqlarımızı həyata keçirməli, öz kombinasiyalarımızı oynamalı idik.
Alınmadı və indi başımız aşağıdır. Ümid edirik ki, nəticə çıxaracağıq və daha enerjili şəkildə geri dönəcəyik”.
Kajukolovas Bakıya qələbə dalınca gəldiklərini, lakin məğlubiyyətə üzüldüklərini vurğulayıb:
“Bilirdik ki, Azərbaycan necədir, hansı futbolu sevir. Mən özüm Qazaxıstanda oynayıram, Azərbaycanla çox böyük fərq yoxdur.
Belə nəticənin alınmasına görə çox təəssüf edirəm. Çünki həqiqətən də qalib gələcəyimizə və hər şeyi həll edəcəyimizə ümid edirdik
. İndi isə hesablamalar aparmalı, hər şeyin yaxşı olacağına ümid etməliyik”.
