“Slaviya” barədə müəyyən məlumatlara sahibəm”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sabah”ın legioneri Timoteuş Puxaç deyib.
Oktyabrın 13-də Çempionlar Liqasının Liqa mərhələsində təmsilçimizin üz-üzə gələcəyi Çexiya çempionu son illərdə avrokuboklarda inamlı çıxışıyla yadda qalıb. “Sabah” isə tarixində ilk dəfə əsas mərhələyə yüksəlib.
Polşa millisinin də şərəfini qoruyan müdafiəçi rəqib barədə bildiklərini dilə gətirərək, belə komandalara qarşı oynamağ öyrəncəli olmadıqlarını etiraf edib, “Slaviya”da yaxından tanıdığı futbolçunun adını çəkib:
“Çox qaçan, sona qədər mübarizə aparan, sürətli, bir sözlə, fiziki hazırlığına görə fərqlənən komandadır. Tez-tez cinahları dəyişir, sürətli hücumlar qururlar. Sizi inandırım, çox güclü rəqibdir.
Belə komandalara qarşı oynamağa öyrəncəli deyilik. Ona görə də necə olacağını indidən deyə bilmərəm. Yalnız onu deyə bilərəm ki, bərpa olunmalı, lazımınca hazırlaşmalı və nəyə qadir olduğumuzu göstərməliyik.
“Slaviya”da Polşa millisindən yaxşı tanıdığım Viktor Novak çıxış edir. Bacarıqlı və keyfiyyətli futbolçu olduğunu deyə bilərəm. Münasibətimiz çox yaxşıdır”.
Oyunun Bakı Olimpiya Stadionunda keçirilməsi futbolçularla azarkeşlər arasındakı əlaqəni çətinləşdirə bilər. Çünki Tofiq Bəhramov adına Respublika stadionu ilə müqayisədə BOS-un tribunaları meydandan kifayət qədər aralıdır. Adından da göründüyü kimi, olimpiya stadionu statusunu daşıyır.
Puxaç “Sizə Respublika stadionunda oynamaq rahatdır, yoxsa BOS-da” sualına bu cür cavab verib:
“Düzünü desəm, Respublika stadionunu daha çox sevirəm. Bura mənə doğmadır. Çünki ötən mövsüm çempionluq matçında “Qarabağ”ı bu stadionda 1:0 hesabı ilə udmuşduq.
İki ay əvvəl “Hapoel Beer-Şeva”nı burada məğlub edib Çempionlar Liqasının Liqa mərhələsinə yüksəlmişdik. Ən çox sevdiyim arenalardan biridir.
BOS-a gəlincə, oynamadan, hiss etmədən nəsə deyə bilmərəm. Ümid edirəm ki, bizim üçün düşərli olacaq”.
Oktyabrın 13-də keçiriləcək “Sabah” – “Slaviya” qarşılaşması saat 20:45-də başlayacaq.
HƏBİB / SPORTİNFO.AZ
