“Barselona”nın qapıçısı Premyer Liqa klubuna havayı başa gəldi

11 Avqust 2022 10:20 İngiltərə 712
“Barselona”nın qapıçısı Premyer Liqa klubuna havayı başa gəldi

"Barselona” qapıçısı Norberto Murara Neto ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi 33 yaşlı braziliyalı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Təcrübəli qolkiper İngiltərənin “Bornmut” klubuna keçib. O, yeni klubu ilə 1 illik müqaviləyə imza atıb.

Neto “Barselona”ya 2019-cu ilin yayında “Valensiya”dan 26 milyon avro qarşılığında transfer olunmuşdu. Lakin o, Kataloniya təmsilçisinin heyətində cəmi 21 matça çıxıb və 20 qol buraxıb.

Braziliya yığmasında 1 oyun keçirmiş Norberto Murara, “Valensiya” və “Barselona”dan başqa “Yuventus”, “Fiorentina” və “Atletiko Paranaense” kimi klubların da formasını geyinib.

“Bornmut” Neto ilə yanaşı, Niderlandın “Feyenoord” klubundan argentinalı müdafiəçi Markos Senesini də transfer edib. Premyer Liqa təmsilçisi bu keçidə görə Niderland klubuna 15 milyon avro ödəyib. 25 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Markos Senesi 2019-cu ilin sentyabrından “Feyenoord”un uğurları üçün çalışırdı. O, Rotterdam təmsilçisinin heyətində meydana çıxdığı 116 matçda 9 qol vurub, 7 məhsuldar ötürmə müəllifi olub. Müdafiəçi yeni komandasında 25 nömrəli formanı geyinəcək.

Argentina millisinin də üzvü olan futbolçu “Feyenoord”dan öncə ölkəsində “San Lorenso”nun uğurları üçün çalışıb. Mərkəz müdafiəçisi yığmada cəmi 1 oyun keçirib.

“Bornmut” sağ cinah müdafiəçisi Adam Smitlə də yeni müqavilə bağlayıb. Yeni müqaviləyə əsasən, İngiltərədən olan 31 yaşlı futbolçu 2024-cü ilədək bu klubun uğurları üçün çalışmağa davam edəcək. Əvvəlki sözləşmənin müddəti 2023-cü ilin 30 iyununa qədər idi.

Adam Smit “Tottenhem”in yetirməsidir. O, 2014-cü ildən “Bornmut”da forma geyinir.

Sağ cinah müdafiəçisi buna qədər icarə əsasında “Uikomb Uonderers”, “Torki Yunayted”, “Milton Kins Dons”, “Lids” və “Derbi Kaunti” kimi klubların da uğurları üçün çalışıb.

İngiltərənin aşağı yaş qrupları üzrə yığmalarında oynamış müdafiəçi, “Bornmut”da keçirdiyi 9 mövsüm ərzində 306 oyuna çıxıb, 6 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?